15.10.2015
Dövlət Komitəsinin sədri Teymuraz Şaraşenidzeni qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 15-də Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Qonağı səmimi salamlayan Komitə sədri Gürcüstan ilə Azərbaycanı tarixən dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığını bildirib. Bütün sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin yüksək səviyyədə qurulduğunu deyən Mübariz Qurbanlı bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında danışıb. Mübariz Qurbanlı dövlət tərəfindən Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə daima xüsusi diqqət göstərildiyini vurğulayıb. Qeyri-islam təmayüllü dini icmalara mütəmadi olaraq dövlət büdcəsindən maliyyə yardımı ayrılır ki, onların arasında Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” və Qax rayonu, Qaxingiloy kəndi, “Müqəddəs Giorgi” gürcü-pravoslav kilsələrinin dini icmaları da var.
Teymuraz Şaraşenidze öz növbəsində ölkələrimiz arasında dini, mədəni və humanitar sahədə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcək.
Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.