02.12.2015
Dövlət Komitəsinin sədri səfir Zohir Saidovu qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 2-də Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovu qəbul edib.
Qonağı səmimi salamlayan Komitə sədri Tacikistan ilə Azərbaycan arasında tarixi kökləri olan mövcud dostluq münasibətlərinə toxunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən danışıb. Dövlət tərəfindən İslam dininə etiqad edən şəxslərlə yanaşı, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə də daima xüsusi diqqət göstərildiyini bildirərək, Azərbaycanın malik olduğu uğurlu tolerantlıq modelindən söhbət açıb.
Zohir Saidov öz növbəsində ölkələrimiz arasında dini, mədəni və humanitar sahədə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, ikitərəfli münasibətlərimiz müxtəlif sahələrdə yüksələn xəttlə inkişaf edir.
Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.