22.04.2016
Dövlət Komitəsinin sədri Qafqaz Universitetinin rektoru Əhməd Saniçi qəbul edib
Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçi qəbul edib.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının Qafqaz Universiteti tərəfindən türk dilində çapa hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, gələcəkdə adıçəkilən kitabın ərəb və ingilis dillərində də nəşr edilməsi nəzərdə tutulur. Görüşdə, eyni zamanda Dövlət Komitəsi ilə Qafqaz Universiteti arasında dini radikalizmə qarşı mübarizə və dini maarifləndirmənin aparılması ilə bağlı birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə edilib.
Qafqaz Universiteti rektoru, professor Əhməd Saniç səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və Qafqaz Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Sənnur Əliyev də iştirak ediblər.