30.01.2018
Dövlət Komitəsinin sədri Portuqaliya parlamentinin deputatı ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Portuqaliya parlamentinin deputatı, Parlamentlərarası İttifaqın “12 Plyus Qrupu”nun Prezidenti Duarte Paçeko ilə görüşüb.
Görüş zamanı DQİDK sədri qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verib. Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə hazırki dövlət-din münasibətləri əsrlərboyu Azərbaycan xalqının formalaşdırdığı qarşlıqlı hörmət və dözümlülük ənənələrinin qoruyub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.
Dövlət Komitəsinin fəaliyyəti barədə də portuqaliyalı deputata məlumat verən Mübariz Qurbanlı ölkəmizdə dini radikalizmə qarşı inzibati, iqtisadi və ideoloji istiqamətlərdə aparılan mübarizənin artıq nəticə verdiyini bildirib.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunan Dövlət Komitəsinin sədri Ermənistanın Azərbaycan torpaqlarını zəbt etdiyini, işğal altında olan ərazilərimizdə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulduğunu diqqətə çatdırıb.
Portuqaliya parlamentinin deputatı Duarte Paçeko Azərbaycandakı tolerantlıq və birgəyaşayış ənənələrinin, həmçinin bu istiqamətdə yürüdülən dövlət siyasətinin onda dərin təəssüratlar yaratdığını bildirib. O, Azərbaycanın və Portuqaliyanın bu sahədə birgə əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.
Görüşün sonunda Dövlət Komitəsinin sədri qonağa Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edib.