28.11.2017
Dövlət Komitəsinin sədri ölkəmizdə səfərdə olan İsveç nümayəndə heyəti ilə görüşüb
Noyabrın 28-də ölkəmizdə səfərdə olan İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun rəhbərlik etdiyi nümayəndə heyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.
DQİDK-nın sədri qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin nəticəsində Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. O, eyni zamanda ölkəmizdə 17-si xristinalığa aid olmaqla 28 qeyri- islam dini icmasının fəaliyyət göstərdiyini vurğulayıb. DQİDK-nın sədri bu icmalara sərbəst şəkildə fəaliyyət göstərmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. O, həmçinin ölkəmizdə din pərdəsi arxasında fəaliyyət göstərmək istəyən radikal dini qruplara qarşı dövlət səviyyəsində mübarizə tədbirlərinin görüldüyünü deyib.
Görüşdə Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, İslam dininə aid olan bütün tarixi abidələrin, o cümlədən məscid və ziyarətgahların ermənilər tərəfindən dağıdıldığını bildirib.
Mübariz Qurbanlı rəhbərlik etdiyi nümayəndə heyəti ilə ötən ilin aprelində İsveçə səfər etdiyini , bu ölkədəki dini abidələr, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitlə yaxından tanış olduğunu xatırladıb.
İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoranson dövlət-din münasibətlərinin tənzimlənməsində təcrübə mübadiləsinin önəmindən danışıb. Bildirib ki, son illər qlobal aktuallıq kəsb edən miqrant axını öz ölkəsində din adı altında bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Qonaq bütün dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün dini icmalarla dövlət arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə iki ölkə arasında dini və mədəni sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, radikal dini qruplaşmalara qarşı mübarizə, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi “Azərbaycanın seçilmiş İslam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonaqlara təqdim edib.
Qeyd edək ki, görüşdə İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman, səfirliyin müvəqqəti işlər vəkili Kristian Kamill, İsveç Xarici işlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsində Cənubi Qafqaz üzrə kurator Qustav Vinstrand da iştirak ediblər.