Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.08.2018

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xaçmazda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 28-də Xaçmaz şəhərində şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib.
Qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edib.
Vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ünvanlayıblar.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Bir sıra müraciətlər yerindəcə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.