05.06.2017
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib
İyunun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Dəyanət İşləri Başqanlığının sabiq rəhbəri Təyyar Altıkulacı qəbul edib.
Görüşdə iki ölkə arasında din sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan ilə Türkiyə arasında dərin köklərə malik olan ikitərəfli əlaqələrdən məmnunluqla söhbət açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizin xarici siyasətində Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. O, bütün sahələrdə olduğu kimi din sahəsində də münasibətlərin yüksək səviyyədə davam etdiyini vurğulayıb.
Dövlətimizin başçısının din sahəsində həyata keçirdiyi siyasəti müsbət qiymətləndirən Təyyar Altıkulac Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli”nin elan edilməsinin müsəlman dünyasında həmrəyliyin inkişafına töhfə olduğunu bildirib.
Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin din işləri üzrə müşaviri Kamil Günəş və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər.