Şriftin ölçüsü:

Saytın rəngi:

23.01.2015

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Həyat sözü" xristian dini icmasının nümayəndəsini qəbul edib

Yanvarın 23-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  İsveçdə fəaliyyət göstərən "Həyat sözü" cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidməti üzrə nümayəndəsi Karl Qustav Severini qəbul edib.Görüş zamanı qonaq bildirib ki, Bakıya ilk səfəri 1994-cü ildə olub və o zaman Ümummilli Lider Heydər Əlyevlə görüşüb. O tarixi görüşü böyük məmnunluq hissi ilə xatırladan Karl Qustav Severin qeyd edib ki, ötən bu illər ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib. Qonaq vurğulayıb ki, Azərbaycanı ona sevdirən ən vacib məqam burada bütün dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşamalarıdır: "Azərbaycanda tolerantlıq çox yüksək səviyyədədir. Siz bununla fəxr etməli,  bu ənənəni qoruyaraq, bir nümunə kimi dünyaya təbliğ etməlisiniz".
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bütün dinlərin özəyində insanlar arasında bərabərlik, sülh, əmin-amanlıq və ədalət prinsipi dayanır. Əgər dinlər məhz bu yöndən təbliğ olunarsa, bəşəriyyət qarşılaşdığı problemlərin bir çoxundan xilas ola bilər. Dinlərarası dialoq, sülhə çağırış, konfessiyaların birgə fəaliyyəti dünyada sülhün bərqərar olması üçün ən vacib şərtlərdən biridir. Komitə sədri qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir. Ölkədə hər bir kəsin dini etiqad azadlığı təmin olunub. Eyni zamanda, din daim dövlətin qayğısı və himayəsi altındadır.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.