Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.04.2015

Dövlət Komitəsinin sədri KİV rəhbərləri ilə görüşüb

Aprelin 17-də Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə “Milli mənəvi və dini dəyərlər: tarixilik və müasirlik” mövzusunda müzakirələr aparılıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov belə tədbirlərin təşkilinin böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu görüşlər media təmsilçilərinə dövlət qurumlarının rəhbərləri ilə hər hansı bir maraq doğuran mövzunun müzakirəsinə imkan yaradır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda kütləvi informasiya vasitələrinin ictimai rəyin formalaşmasındakı rolundan danışıb.
Komitə sədri ölkədəki mövcud dini durumdan söhbət açıb. Bildirib ki, ölkədə radikal dini cərəyanların yayılmasına imkan verilmir və verilməyəcək. Sədr deyib: “Biz klassik İslam ölkəsiyik. İkincisi, dünyəvilik bizə daha xasdır. İslamın yayılmasından sonra bu din özünün müəyyən mənada mövqelərinin zəifləməsi prosesinə şahid olub. SSRİ dövründə İslam dinini sıradan çıxarmağa çalışıblar. Tarixdə hansı hökmdar dinlə savaşmağa çalışsa, o məhv olub. İslam dini özündən başqa digər dinləri inkar etmir. Azərbaycan xalqı hələ keçmiş Sovet İttifaqı dönəmində öz dinini qoruyub saxlayıb. Azərbaycan xurafata qarşı mübarizədə Şərqdə nümunə olub. Xurafata qarşı mübarizə dinə qarşı mübarizə deyil. Ona görə də radikal cərəyanlara qarşı mübarizə də dinə qarşı mübarizə deyil. Azərbaycanda 2000 məscid var. Biz iqtisadiyyatda açıq qapı elan etsək də, mənəvi aləmdə açıq qapı elan edə bilmərik. Dünyanın istənilən şirkəti gəlib burada iş görə bilər. Amma istənilən dini cərəyanın burada yayılmasına imkan verə bilmərik. Milli mənəvi dəyərlər hər bir ölkənin özünə məxsusdur. Baxmayaraq ki, Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə öz mövqelərimizi də başqasına güzəştə gedə bilmərik. Tolerantlıq o demək deyil ki, radikal cərəyanlar burada istədiyini edə bilər. Milli mənəvi dəyərlərimizə müdaxilə ediləndə bu, artıq tolerantlıq olmur. Tolerantlıq dözümlü yanaşma deməkdir. Biz həm xristianlıqdan, həm də İslamdan gələn radikal cərəyanların qarşısını almalıyıq.
M.Qurbanlı çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf proseslərinin bir çox sahələrlə yanaşı, milli mənəvi dəyərlərin qorunması sahəsində də inkişafa geniş imkanlar açdığını söyləyib. Bildirilib ki, Azərbaycanda milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilib, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslam dininin aparıcı din olması rəsmi şəkildə təsbit olunmur. Lakin biz İslam dininin dəyərlərini daim qorumuşuq.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, müstəqilliyin bizə bəxş etdiyi ən böyük nemətlərdən biri də sərbəst şəkildə ibadət etmək imkanımızın olmasıdır. Qədim tarixə malik Azərbaycanın özünəməxsus adət-ənənələri, milli mənəvi dəyərləri var. Bizim milli mənəvi dəyərlərimiz içərisində İslam dini çox önəmli yer tutur. Sovetlər dövründə müxtəlif formalarda edilən təzyiqlərə baxmayaraq, xalqımız adət-ənənələrini, dinini qoruyub saxlaya bildi. Həmin dövrdə bizim xeyli tarixi, dini abidələrimiz, məscidlərimiz məhv olundu. Ancaq dini insanların qəlbindən silmək istəyi baş tutmadı. Xalqımız İslam dinini, milli mənəvi dəyərlərini yaşatdı.
Bildirilib ki, din çox həssas mövzudur, din bizim tariximizdir, mənəviyyatımızdır, mənəvi dəyərimizdir. Buna görə də kütləvi informasiya vasitələri din mövzusunda yazarkən ehtiyatlı olmalıdırlar.
Tədbir Azərbaycan dövlətinin dinlə bağlı siyasəti, ölkəmizdə dini tolerantlığın vəziyyəti, həmçinin bu istiqamətdə KİV-lərin üzərinə düşən vəzifələr barədə müzakirələrlə davam edib.