Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.12.2017

Dövlət Komitəsinin sədri İsveçrənin ölkəmizdəki səfiri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 15-də İsveçrənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Stalder ilə görüşüb.
Görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda mövcud olan multikultural mühit, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibət, ölkəmizdə mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlər barədə danışıb. Bildirib ki, dövlət tərəfindən İslam dini icmaları ilə yanaşı, qeyri-islam dini icmalara ayrılan maliyyə yardımı həmin icmaların ölkəmizdə fəal və səmərəli fəaliyyət göstərmələrində mühüm rol oynayır.  
Dövlət Komitəsinin fəaliyyəti barədə də qonağa məlumat verən Mübariz Qurbanlı ölkəmizdə dini radikalizmə qarşı inzibati, iqtisadi, ideoloji  istiqamətlərdə aparılan mübarizənin artıq nəticə verdiyini bildirib.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunan Dövlət Komitəsinin sədri Ermənistanın Azərbaycan torpaqlarını zəbt etdiyini, işğal altında olan ərazilərimizdə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulduğunu diqqətə çatdırıb.
İsveçrənin səfiri Filip Stalder Azərbaycanın dünyaya tolerantlıq və həmrəylik modelini uğurla nümayiş etdirdiyini qeyd edib. İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyətinin ötən il ölkəmizə səfər etdiyini xatırladan diplomat onların Azərbaycandan xoş təəssüratla ayrıldıqlarını, ölkəmizdəki multikultural və tolerant mühitin əyani şahidi olduqlarını vurğulayıb.
Görüşün sonunda Dövlət Komitəsinin sədri qonağa Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edib.