Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.02.2014

Dövlət Komitəsinin sədri İstanbulda Sivilizasiyaların Alyansı ilə bağlı elmi-praktik konfransda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universitetinin (FSMVU) Sivilizasiyaların Alyansı İnstitutunun dəvəti ilə dünən İstanbulda Sivilizasiyaların Alyansı ilə bağlı elmi-praktik konfransda çıxış etmişdir. Konfransda həmçinin BMT Sivilizasiyaların Alyansı uzrə Ali Nümayəndəsi cənab Nasir Abdulaziz Al-Nasser, Türkiyə Respublikası Baş nazirinin sivilizasiyaların alyansı üzrə baş müşaviri cənab Prof. Bekir Karlığa və Türkiyənin mədəniyyətlər və dinlər arası dialoq sahəsində fəaliyyət göstərən elm adamları iştirak etmişlər.

Komitə sədri çıxışında müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq prosesinin vacibliyini vurğulamış və sivilizasiyaların alyansı məfhumunu meydana gətirən zərurətlərə toxunmuşdur. Zəngin mədəni və tolerantlıq irsinə malik Azərbaycanın bu sahədəki pozitiv təcrübəsi haqda məlumat verən Komitə sədri Azərbaycan dövlətinin BMT Sivilizasiyaların Alyansına yaxından dəstək verdiyini və bu sahədə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycandakı müxtəlif dinləri təmsil edən icmaların fəaliyyətini daim diqqətdə saxladığını və Azərbaycandakı tolerantlıq mühitinin qorunması, həmçinin dünyada tanıdılması ilə bağlı göstərişlər verdiyini bildirən cənab İskəndərov XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal problemlər zəminində dini və mədəni dözümlülüyün tərənnüm olunmasının vacibliyini qeyd etmişdir. Bu sahədə Azərbaycanın hətta bir çox Avropa ölkəsinə örnək ola biləcəyi vurğulanmışdır.
 
Sonda, E. İskəndərov BMT Sivilizasıyaların Alyansı üzrə Ali Nümayəndəsi cənab Al-Nasserə və professor Bekir Karlığaya dinlər və mədəniyyətlər arası dialoqa verdikləri tövhə üçün Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun xüsusi plaketlərini təqdim etmişdir.
 
DQİDK-nın mətbuat xidməti