Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.03.2016

Dövlət Komitəsinin sədri Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananı qəbul edib.
Dövlət Komitəsinin sədri Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyib. Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verən Mübariz Qurbanlı tarix boyu Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin olduğunu, milli, irqi, dini ayrı-seçkiliyə yol verilmədən müxtəlif dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstərdiklərini bildirib. O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri mükəmməl formada qurulub, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara mütəmadi olaraq maliyyə yardımı edilir.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, eləcə də həyata keçirilən bütün bu işlər multikulturalizmin dövlət siyasətində prioritet istiqamət olmasının göstəricisidir. Bu ilin “Multikulturalizm ili” elan edilməsində məqsəd ölkəmizdə formalaşmış bu ənənələri daha da inkişaf etdirməkdir.
Azərbaycandakı multikultural və tolerant mühitin, burada müxtəlif dinlərin, mədəniyyətlərin, dillərin nümayəndələrinə bərabər münasibətin göstərildiyinin şahidi olduğunu deyən səfir, din sahəsində də qarşılıqlı əməkdaşlıqdan məmnun qalacaqlarını diqqətə çatdırıb.
Görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.