Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2019

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələrini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fevralın 23-də İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin baş pastoru və yepiskopu Joakim Lündqvisti qəbul edib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu bildirib. M. Qurbanlı qeyd edib ki, bu gün ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini, milli münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, tolerant və multikultural mühitin qorunub-saxlanılması istiqamətində ardıcıl addımlar atılır. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilmiş 2016-cı ildə Azərbaycanın sahib olduğu tolerantlıq və multikulturalizm dəyərlərinin ölkədə və onun hüdudlarından kənarda geniş miqyasda təbliğ edilərək nümunə göstərildiyini vurğulayıb.

Mübariz Qurbanlı 2016-cı ildə İsveçə səfərini və keçirdiyi görüşləri xatırladaraq bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Komitə sədri “Həyat Sözü” dini icmasının fəaliyyətinin mövcud qanunvericiliyə müvafiq olduğunu, ölkəmizdə keçirilən dini xarakterli tədbirlərdə yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Görüş zamanı qonaq Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri çox yüksək qiymətləndirib. “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələrinin Azərbaycana dəfələrlə səfər etdiyini diqqətə çatdıran Joakim Lündqvist ölkəmizə gəlişindən məmnunluğunu ifadə edərək Azərbaycandakı tolerant və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini qeyd edib.

Sonda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.