Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.01.2020

Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçıları ilə görüşüb.

Proqram iştirakçılarını salamlayan Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasətinin önəminə toxunaraq, ölkəmizdə gənclərin təhsili, işlə təmin olunması, inkişafı, dünyaya inteqrasiya etməsi, eyni zamanda milli dəyərlərə malik olan vətəndaş kimi tərbiyə almaları istiqamətində mühüm işlər görüldüyünü bildirib.

Daha sonra DQİDK sədri Komitənin fəaliyyət istiqamətləri, Azərbaycanda mövcud olan dini durum, dinlərin mahiyyəti və prinsipləri haqqında ətraflı məlumat verib. Bildirib ki, dünyəvi dövlət olan Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir. Ölkəmizdə bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin öz dillərini, dinlərini, mədəniyyət və adət-ənənələrini qoruyub saxlamasına, inkişaf etdirməsinə hər cür şərait mövcuddur.

Eyni zamanda, iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə informasiya verən Mübariz Qurbanlı Azərbaycan həqiqətlərinin təbliğində gənclərin üzərinə böyük məsuliyyət, vəzifənin düşdüyünü vurğulayıb və hər bir gəncin beynəlxalq miqyasda, xüsusilə sosial şəbəkələrin imkanlarından istifadə etməklə bu prosesdə aktiv iştirakının vacibliyini diqqətə çatdırıb. 

Gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayan DQİDK sədri sonda onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Gənc Liderlərin İnkişafı Konsepsiyası proqramı Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır.