Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.01.2018

Dövlət Komitəsinin sədri Bolqarıstanın müvəqqəti işlər vəkili ilə görüşüb

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev ilə görüşüb.
Görüş zamanı faydalı əməkdaşlığın qurulması üçün perspektivlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycan-Bolqarıstan əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağa Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, dini qurumlar arasındakı həmrəylik, dinə dövlət qayğısı barədə danışıb.
Dövlət Komitəsinin sədri Azərbaycanda 28-i qeyri-müsəlman dini icması olmaqla 793 dini icmanın dövlət qeydiyyatına alındığını bildirib. Ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi və onların maddi durumunun yaxşılaşdırılması məqsədilə Prezidentimiz cənab İlham Əliyev tərəfindən müsəlman və qeyri-müsəlman dini icmalara vəsaitlərin ayrıldığını qeyd edib.
Söhbət zamanı qonağı Azərbaycan həqiqətləri barədə də məlumatlandıran Dövlət Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən yaxın zamanda ədalətli həll olunmasının vacibliyini vurğulayıb. O, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində dini-mədəni abidələri dağıtdıqlarını diqqətə çatdırıb.
Dövlət Komitəsinin dini radikalizmə qarşı mübarizə istiqamətlərindən də bəhs edən Mübariz Qurbanlı bu sahədə əsasən dini maarifləndirməyə xüsusi önəm verildiyini, Komitənin sifarişi ilə bu problemin fəsadlarından bəhs edən maarifləndirici sənədli filmlərin çəkildiyini bildirib.
Qəbula görə səmimi minnətdarlığını bildirən müvəqqəti işlər vəkili Yanko Yanakiyev tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni köklərinin olduğunu vurğulayıb. Azərbaycanda qədimdən müxtəlif konfessiya və mədəniyyət nümayəndələri arasında nadir qarşılıqlı münasibətlər sisteminin qurulmasının digər ölkələrə nümunə olduğunu bildirib. Bolqarıstanın Azərbaycanın din siyasətinin və dini radikalizmlə mübarizə sahəsində təcrübəsinin dərindən öyrənilməsində maraqlı olduğunu deyib.
Görüşün sonunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müvəqqəti işlər vəkili Yanko Yanakiyevə Azərbaycanın dini tolerantlıq mühitindən və ermənilər tərəfindən vandalizmə məruz qalmış abidələrindən bəhs edən kitablar hədiyyə edib.