19.07.2017
Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 19-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serxan Aktorpak ilə görüşüb.
Görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycandakı dini vəziyyət, dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyəti, konfessiyalararası münasibətlərin vəziyyəti barədə məlumat verib.
Azərbaycanda dini radikalizmə qarşı mübarizə barədə danışan Komitə sədri ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Təşkilat haqqında informasiya verən Serxan Aktorpak BMqT-nin Bakı ofisi yarandıqdan sonra Azərbaycanda müxtəlif sahələrdə layihələrin uğurla icra olunduğunu bildirib. Ölkəmizdə radikalizmə qarşı mübarizə haqqında məlumatlı olduğunu deyən təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri bu sahədə gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib.
Görüşdə Dövlət Komitəsi ilə birgə layihələrin həyata keçirilməsi, dini icmaların məşğulluğunun artırılması, maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və digər maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.