30.01.2016
Dövlət Komitəsinin sədri Belçikalı jurnalistləri qəbul edib
Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Belçikadan olan jurnalistlər Matin Banks və Yozef Lempkoviçi qəbul edib və onları maraqlandıran sualları cavablandırıb.
Dövlət Komitəsinin sədri qonaqlara ölkəmizdə mövcud olan dini durum və DQİDK-nın fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olduğunu bildirən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Dini konfessiyaların fəaliyyəti barədə geniş məlumat verən Mübariz Qurbanlı yəhudilərin Azərbaycanda məskunlaşma tarixindən ətraflı danışıb. O deyib ki, bütün dini qurumlara, o cümlədən qeyri-islam icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı edilir.
Ölkəmizin dünyəvi dövlət olduğunu önə çəkən Mübariz Qurbanlı dini tolerantlığın təbliği və radikalizmin qarşısının alınması ilə bağlı görülən işlər barədə danışıb. Komitə sədri tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, 2016-cı ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edildiyini və il ərzində həyata keçiriləcək layihələr barədə jurnalistlərə geniş məlumat verib. Komitə sədri bildirib ki, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan tolerantlığının dünyaya tanıdılması istiqamətində “Tolerantlığın ünvanı- Azərbaycan” adlı layihə həyata keçirilir.
Qonaqlar səfər müddətində Azərbaycanın dinamik inkişafının, Avropa ölkələrindən fərqli olaraq burada yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını deyiblər. Azərbaycanın, həqiqətən də, tolerantlığın oazisi olduğunu qeyd edən jurnalistlər bu mühitin dünya ölkələri üçün nümunəyə çevriləcəyini bildiriblər.
Görüşün sonunda jurnalistlər səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.
(2).jpg)
(2).jpg)