Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.07.2017

Dövlət Komitəsinin sədri Avstriya Parlamentinin deputatları ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 7-də ölkəmizdə səfərdə olan Avstriya Parlamentinin deputatları ilə görüşüb.
İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Dövlət Komitəsinin sədri Azərbaycan və Avstriya arasında bir çox sahələrdə əməkdaşlığın getdikcə genişləndiyini qeyd edib.
Torpaqlarımızın 20 faizinin işğal altında olduğunu qeyd edən Komitə sədri 4 iyul tarixində Füzuli rayonunu Alıxanlı kəndində törədilmiş qanlı hadisə nəticəsində dünya ictimaiyyətinin növbəti dəfə erməni vandallığının şahidi olduğunu bildirib. Mübariz Qurbanlı vurğulayıb ki, işğalçı ölkə beynəlxalq təşkilatların qətnamələrinə əməl etməyərək öz mənfur siyasətini davam etdirir.
Dövlət Komitəsinin fəaliyyəti barədə parlament üzvlərinə ətraflı məlumat verən Mübariz Qurbanlı deyib ki, ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması Ümummilli Lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.
Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanların dini ibadətlərini sərbəst həyata keçirdiklərini nəzərə çatdıran Komitə sədri ölkəmizdə məscidlərin sayının 2246-a çatdığını, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərdiyini bildirib. Komitə sədri dinə dövlət qayğısının təzahürü olaraq Prezidentimiz cənab İlham Əliyev tərəfindən mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımı ayrıldığını qeyd edib.
Mübariz Qurbanlı ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün yüksək mədəni dəyərə çevrildiyini, milli-mənəvi və dini dəyərlərimizə bağlılığın təzahürü olaraq ölkəmizdə ötən ilin “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu qonaqların diqqətinə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Avstriya Parlamentinin deputatı Yohanes Hübner Azərbaycana səfər proqramları çərçivəsində çoxsaylı görüş keçirdiklərini bildirərək bu müddət ərzində ölkəmizi yaxından tanıdıqlarını deyib. Qonaq Azərbaycanın multikulturalizm, tolerantlıq ənənələrinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu vurğulayıb.
Görüşdə daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Yekunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin nəşri olan ingilis və Azərbaycan dillərində nəşr olunmuş “Azərbaycanın seçilmiş İslam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonaqlara təqdim edib.
Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Gündüz İsmayılov, millət vəkili Çingiz Qənizadə və digər rəsmi şəxslər iştirak ediblər.