Şriftin ölçüsü:

Saytın rəngi:

04.09.2023

Dövlət Komitəsinin sədri ABŞ-nin Stirling Fondunun nümayəndələri ilə görüşüb

Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarından olan ABŞ-nin Stirling Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti və İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsinin Avropa üzrə Yetmişlər Kvorumunun nümayəndələri ilə görüşüb.

Görüş zamanı Dövlət Komitəsinin sədri ölkəmizdəki multikultural və birgəyaşayış ənənələri, dövlətin tolerantlıqla bağlı ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi siyasət və fəaliyyət, habelə Azərbaycan həqiqətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan vəhdət və həmrəylik prinsiplərinin qorunmasına böyük səylə çalışır. Ölkədə mövcud olan milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi,  insanların dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhlükəsizliyin bərqərar olması dövlətin qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Vurğulayıb ki, müstəqilliyimizin bərpasından sonra tolerantlıq və multikulturalizm xəttini həyata keçirən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır və dövlət dini icmalara hər il maliyyə yardımı göstərir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərə diqqət çəkən M. Qurbanlı 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilərin dağıtdığı tarixi dini abidələrin bərpasına dair görülən işlər barədə ətraflı məlumat verib, Stirling Fondunun işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə əməliyyatlarında  yaxından iştirak etməsini yüksək qiymətləndirib. Bildirib ki,  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarixi-dini abidələr, məscidlərlə yanaşı kilsə və məbədlərin bərpa edilməsini xüsusi diqqətdə saxlayır.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən qonaqlar Azərbaycanın bir dövlət olaraq multikulturalizm və tolerantlıq kimi humanist dəyərlərini dünyada təbliğ və öz nümunəsində layiqincə tətbiq etdiyini vurğulayıblar. İşğaldan azad olunmuş ərazilərə etdikləri səfərdən və genişmiqyaslı quruculuq işlərinin onlarda böyük təəssürat yaratmasından danışan qonaqlar bu prosesə öz töhfələrini verməkdə maraqlı olduqlarını bildiriblər.

Eyni zamanda görüş zamanı qonaqları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.