07.08.2014
Dövlət Komitəsinin sədri Abş-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib
Derek Hoqan: “Azərbaycandakı dinlərarası münasibətləri yüksək qiymətləndiririk”
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanı qəbul edib.
Görüş zamanı Derek Hoqan Dövlət Komitəsinin sədri təyin edilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilmiş etimad münasibətilə Mübariz Qurbanlını təbrik edib, ona bu məsuliyyətli işində uğurlar arzulayıb.
D.Hoqan Azərbaycandakı tarixi tolerantlıq mühitini yüksək dəyərləndirərək bildirib ki, bu sahədə ölkəsi ikitərəfli əməkdaşlığa hazırdır. Eyni zamanda, hər iki ölkənin bir-birinin təcrübəsini öyrənməsi yalnız işin xeyrinə ola bilər: “Biz bu sahədə də iki ölkənin əməkdaşlığını məqsədəuyğun sayırıq. Zənnimcə, Amerika Azərbaycandan, Azərbaycan da Amerikadan nələrsə öyrənə bilər. Biz ölkənizdəki dini mühiti, xüsusilə dinlərarası münasibətləri ümumilikdə yüksək qiymətləndiririk”.
Azərbaycanda dövlət-din münasibətləri, dini durum və tolerantlıq mühitindən danışan M.Qurbanlı sözügedən sahədə Dövlət Komitəsinin ikitərəfli əməkdaşlığa hazır olduğunu qeyd edib. Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin olunur və hökumət dini qurumlara bütün zəruri şərait yaradır və bundan sonra da yaradacaqdır.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Derek Hoqan qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.