26.05.2016
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov almaniyalı qonaqlarla görüşüb
Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov almaniyalı qonaqlarla görüşüb.
Görüş zamanı Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir. Bütün dini konfessiyalara bərabər hüquqlu münasibət göstərilir. O bildirib ki, ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara eyni dərəcədə diqqət və qayğı göstərilir, icmaların səmərəli fəaliyyəti üçün maliyyə dəstəyi edilir. Ölkəmizdə heç vaxt dini zəmində münaqişə olmayıb və Azərbaycanın tolerant və multikultural dəyərləri bu gün bütün dünya üçün nümunə sayıla bilər. Almanların əvvəllər ölkəmizdə kompakt halda yaşadığını, rahatlıqla cəmiyyətə inteqrasiya etdiklərini, onlara böyük ehtiramın göstərildiyini vurğulayan S. Heydərov qeyd edib ki, məhz bu amil Azərbaycanda tarixən tolerant mühitin olduğunun bariz göstəricisidir.
Almaniya Federal Ofisinin Əfqanıstan və Region ölkələrindən olan Diplomatlar üçün Təlim Proqramının Direktoru Ortving Henniq almanlar haqqında səslənən müsbət fikirlərə və səmimi görüşə görə təşəkkürünü bildirib. Qonaq bildirib ki, Azərbaycanda almanlara aid tarixi izlərin qorunub saxlanması, alman əsilli vətəndaşlara olan münasibət ölkədəki multikultural və tolerantlıq mühitinin nümunəsidir. Ortving Henniq vurğulayıb ki, ölkəmizə səfər etməkdə məqsəd almanların Azərbaycanda məskunlaşmasının 200-cü ildönümünə həsr olunmuş sənədli filmin çəkilməsidir. Film almanların Azərbaycanda məskunlaşma tarixini özündə əks etdirəcək. Əsasən, Annenfeld, Yelenendorf və Traubenfeld də çəkiləcək sənədli film Almaniyanın nufuzlu kanallarında yayımlanacaq.
Görüşdə filmin rejissoru Fridhelm Brükner, professor Gunter Konrard və Ortving Henninq iştirak edib.