12.07.2017
Dövlət Komitəsinin dəstəyi ilə maarifləndirmə tədbirləri davam etdirilir
İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Muxax kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Keçmişdən günümüzə Azərbaycanda İslam həmrəyliyi ənənələri” layihəsi çərçivəsində “İslam qardaşlığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala bölgəsi üzrə qazısı Malik Bilalov, Muxax kənd məscidi dini icmasının sədri Abdurahman Rəcəbov və dini icmanın üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Muxax kənd məscidi dini icmasının sədri Abdurahman Rəcəbov mövzunun əhəmiyyətindən danışıb. O qeyd edib ki, İslam dünyasında həmrəyliyin və sabitliyin təmin olunması vacib məsələlərdəndir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə İslam dininin birlik və sülhə münasibəti barədə geniş məruzə ilə çıxış edib. Natiq çıxışında dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin önəmini də vurğulayıb.
QMİ-nin Zaqatala bölgəsi üzrə qazısı Malik Bilalov çıxışında İslam dəyərlərinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu, dinimizin insanları hər zaman sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət etdiyini qeyd edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı Sərəncama əsasən keçirilib.