Şriftin ölçüsü:

Saytın rəngi:

17.07.2015

Dövlət Komitəsinin dəstəyi ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir.
Belə tədbirlərdən biri Masallı rayonunun Hişkədərə kənd məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində baş tutub. Layihənin təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirləri Nahid Məmmədov və Miryəhya Bədirov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, Masallı RİH-in məsul işçisi Qəşəm Hadıyev,  dini icmanın üzvləri, kənd ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Masallı rayonunun Hişkədərə kənd məscidi dini icmasının sədri Söhrab Ağayev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, cəmiyyətdə mövcud olan sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçiriləcək. Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan ailə dəyərlərimizin qorunması, erkən nikah, boşanmalar kimi xoşagəlməz hallar, narkomaniya, siqaret, alkoqolizm kimi zərərli vərdişlərdən uzaq olmaq istiqamətindəki çağırışlar layihənin əsas mövzularındandır. Layihə çərçivəsində kənddə mövcud olan ölkə əhəmiyyətli tarixi-dini abidələr barədə məlumatların hazırlanması da nəzərdə tutulub.
Dövlət Komitəsinin rəsmisi N.Məmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Ümidvar olduğunu bildirib ki, onlarla dini icmaya ayrılmış vəsait dini icmaların fəaliyyətində aktivlik yaradacaq və layihələr çərçivəsində cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılması üçün səy göstəriləcək.
 
*** 
 
İyulun 16-da İsmayıllı “Cümə” məscidi dini icmasının “Gənclərimizin sağlam dini maariflənməsi” layihəsi çərçivəsində iftar süfrəsi təşkil olunub. Təxminən 100 nəfərin iştirak etdiyi tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran, RİH başçısının müavinləri, Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, o cümlədən dini icmanın üzvləri, rayon ağsaqqalları və dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov dövlətin dindarlara qayğısından danışaraq iftar süfrəsinin təşkil olunmasına görə Dövlət Komitəsinə minnətdarlığını bildirib.
Sonra  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran Ramazan orucunun mənəvi mahiyyətindən, dini maarifləndirmə sahəsində görülən işlərdən danışıb. Mərasimdə çıxış edən RİH başçısı Mirdaməd Sadıqov  dini maarifləndirmə işinin aparılması məqsədilə dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamın dinə,  dindarlara  göstərilən diqqət və qayğının bir nümunəsi olduğunu qeyd edib. O,  həmçinin bu sahədə Dövlət Komitəsinin uğurlarını da xüsusi olaraq vurğulayıb.
 
*** 
 
İyulun 16-da Masallı rayonu Qızılavar kəndi “Peysə”məscidi dini icmasının “Radikal dini cərəyanlarla mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” layihəsi çərçivəsində  iftar süfrəsi ətrafında dini maarifləndirici görüş keçirilib.
Tədbirdə DQDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov,  QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov,Masallı RİH-in Qızılavar kəndi üzrə ərazi nümayəndəsi Tohid Hüseynov, “Peysə” məscidi dini icmasının sədri   Səxavət İmanovla yanaşı 80 nəfərə yaxın dindar, kənd sakini, xüsusən də gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər bu günkü mərasimin əhəmiyyətindən, eləcə də dövlətimizin  din və dindarlara diqqət və qayğısından danışıblar.
 
***
 
İyulun 16-da növbəti iftar süfrəsi Balakən şəhər “Cümə” məscidi tərəfindən təşkil edilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, dini icma sədrləri, dindarlar, ziyalılar və ağsaqallar iştirak ediblər. İftar mərasimində Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İbrahim İbrahimov çıxış edərək, milli-mənəvi dəyərlərimizə, eləcə də dini icmalara göstərilən diqqət və qayğıya görə dindarlar adından Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib. İ. İbrahimov qeyd edib ki, DQİDK-nın maliyyə dəstəyi ilə təşkil edilən iftar süfrələri Azərbaycanda dövlət-din münasibətləri sahəsində yeni nümunədir.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ölkəmizdə dini maarifləndirmə işinin aparılmasından, dini icmaların bu prosesdə iştirakından danışıb. G. İsmayılov bildirib ki, Azərbaycanda dini maarifçilik işinin aparılmasında və qeyri-ənənəvi, zərərli dini cərayanlarla mübarizədə dini icmaların üzərinə böyük vəzifələr düşür. Dövlət Komitəsi bu vəzifəninin yerinə yetirilməsi üçün dini icmalara hər cür dəstək verir.
 
*** 
 
İyulun 15-də  İsmayıllı rayonu Diyallı kənd məscidində “İnsanların əxlaq və sevgi yönümündə dini maariflənməsi” layihəsi çərçivəsində iftar süfrəsi təşkil olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran, İsmayıllı rayon icra başçısının birinci müavini, eyni zamanda rayon Dini İşlər üzrə Komissiyanın sədri Rövşən Ağayev, Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, dini icma üzvləri və ağsaqqallar iştirak edib. Tədbiri giriş sözü ilə açan Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov dövlətimiz tərəfindən iftar süfrələrinin təşkil olunmasını dindarlara, inanclı vətəndaşlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran dövlətin dinə göstərmiş olduğu diqqət və qayğının təməlinin Ümummili Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu  və bu siyasətin hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
 
*** 
 
İyulun 15-də Şəki rayonun İnçə məscidi dini icması tərəfindən  “İslam dinində və cəmiyyətdə zərərli vərdişlərə münasibət” layihəsi çərçivəsində  iftar süfrəsi təşkil olunub. Məscidin imamı Yusif Bəlyarov layihə haqqında məlumat verib. Daha sonra DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Gündüz Paşayev mövzu ətrafında geniş çıxış edib. Daha sonra Şəki-Oğuz qazısı Kamran Məmmədov İslam dininin zərərli vərdişlərə münasibəti barədə məlumat verib.
 
*** 
 
İyulun 14-də Cəlilabad şəhəri “Cümə” məscidi dini icmasının həyata keçirəcəyi “Narkomanlığa qarşı mübarizədə dindarların rolu” layihəsi çərçivəsində  iftar süfrəsi tədbiri keçirilib. Tədbirdə DQDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, Cəlilabad RİH-in nümayəndəsi Varid Əsgərov, 150 nəfərə yaxın dindarlar, şəhər sakinləri, xüsusən də gənclər iştirak ediblər. Tədbirdə dövlətimizin  din və dindarlara diqqət və qayğısından danışılıb.