Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.07.2015

Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir. Növbəti iftar süfrəsi iyulun 14-də  “Shaki Palace” otelində Azərbaycan Respublikası Dini  Qurumlarla  İş Üzrə Dövlət Komitəsinin və  Şəki  şəhər  İcra Hakimiyyətinin  birgə  təşkilatçılığı , 90 nəfərin iştirakı ilə təşkil olunub.
Dini icma sədrlərinin, imam və axundların, rayon ağsaqqallarının, eyni zamanda şəhər rəhbərliyinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi iftar mərasimində çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu cür tədbirləri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndiriblər, Ramazan orucunun mənəvi mahiyyətindən, dini maarifləndirmə sahəsində görülən işlərdən danışıblar.
Sonra Qurani-Kərimdən ayələr oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar səsləndirilib.
Mərasimdə iştirak edənlər iftar süfrəsinin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
 
***
       
İyulun 14-də Gəncə şəhərində iftar süfrəsi təşkil edilib. İftar mərasimində Gəncə  şəhər “Qazaxlar“ məscidi dini icmasının üzvləri, Qarabağ qaziləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dini təhsil sektorunun müdiri Anar Əlizadə, həmin sektorun baş məsləhətçisi Anar Əliyev, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ayxan Babayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, bu diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.
Sonra DQİKD-nın dini təhsil sektorunun müdiri Anar Əlizadə Dövlət Komitəsinin fəaliyyətindən, dini maarifləndirmə sahəsində görülən tədbirlərdən danışıb.
 “Qazaxlar” məscidinin icma sədri və axundu Rahil İsmayılov din sahəsinə, o cümlədən dini icmalara və dindarlara göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Sonda tədbir iştirakçıları dualar edib, iftar süfrəsi arxasında müqəddəs Ramazan ayının fəzilətindən söhbət açıblar.
 
***
 
İyulun 15-də  Tovuz rayon  “Cümə”məscidinin qarşısında Tovuz rayon dini icması tərəfindən iftar süfrəsi açılıb. İftar mərasimində Dövlət Komitəsinin Tovuz rayon üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev,Dini Qurumlarlarla  İş Üzrə Dövlət Komitəsinin məsul işçiləri Anar Əliyev və Anar Əlizadə, şöbənin əməkdaşları, dini icma üzvləri, bölgə ağsaqqalları, ziyalı və gənclər iştirak ediblər. İftar mərasimində qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsi cəmiyyətimizdə müsbət qarşılanır.
 
***
İyulun 15-də Biləsuvar rayonunun Bəydili kəndində iftar süfrəsi açılıb. Tədbirdə Biləsuvar şəhər “Cümə” məscidinin axundu və QMİ-nin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, Bəydili kənd bələdiyyəsinin sədri İlqar Kərimov, dini icma sədrləri və icma üzvləri, ağsaqqallar, gənclər və digər dindarlar iştirak ediblər. Axund Əlifağa Murtuzov, bələdiyyə sədri İlqar Kərimov, ağsaqqallardan Hacı Əlibala Mirzəyev və başqaları çıxış edərək, dövlət-din münasibətləri, dövlətin dinə göstərdiyi diqqət və qayğıdan söz açmış və belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi olduğunu  qeyd ediblər.
 
***
 
İyulun 14-də Sumqayıt şəhəri Kotec qəsəbə məscidi dini icması tərəfindən Sumqayıt şəhərində iftar süfrəsi təşkil edilib. İftar süfrəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) mərkəzi aparatının və yerli şöbəsinin əməkdaşları, bölgənin nüfuzlu din xadimləri, Sumqayıt şəhəri Kotec qəsəbə məscidi dini icmasının üzvləri iştirak ediblər.
Müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlamış tədbiri giriş sözü ilə Sumqayıt şəhəri Kotec qəsəbə məscidi dini icmasının sədri Mirfəyaz Fəttayev açaraq, mübarək Ramazan ayında Azərbaycan dövlətinin dindar vətəndaşlarımıza bu cür yüksək səviyyədə diqqət və qayğı göstərməsinin təqdirəlayiq olduğunu bildirib. Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Azər Abasov müqəddəs Qurani-Kərimin nazil edildiyi Ramazan ayı münasibəti ilə dindarları təbrik edib. O qeyd edib ki, dindarlarımız Ramazan ayı günlərində Allaha, Vətənə və xalqa sədaqət, sıx həmrəylik və möhkəm iradə nümayiş etdirməlidirlər. Daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi Əli Həziyev çıxış edərək, dindarlara Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təbrik və salamlarını çatdırıb.
Daha sonra çıxış edən dindarlar iftar süfrəsinin yüksək səviyyədə təşkilinə, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
 
***
 
İyulun 15-də Sumqayıt şəhəri “Cümə” məscidi dini icmasına ayrılmış vəsait hesabına 200 nəfərə yaxın şəhər sakini üçün iftar süfrəsi təşkil olunub. İftar süfrəsində Dövlət Komitəsinin mərkəzi aparatının və yerli şöbəsinin əməkdaşları, bölgənin nüfuzlu din xadimləri, Sumqayıt şəhəri “Kotec” qəsəbəsi “İmam Sadiq” məscidi dini icmasının üzvləri iştirak ediblər.
İftar mərasimində çıxış edənlər müqəddəs ayda dövlətin dindarlara yüksək səviyyədə diqqət və qayğı göstərməsinin təqdirəlayiq olduğunu qeyd ediblər.