Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.02.2016

Dövlət Komitəsində Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib

Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib.
Yəhudi, rus, tatar, ukrayna, yunan, polşa, kazak kimi icmaların gənclər təşkilatlarının sədrlərindən ibarət Koordinasiya Şurasının üzvlərini salamlayan Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov DQİDK-nın fəaliyyəti, ölkəmizdə mövcud dini durum, tolerant və multikultural mühit barədə görüş iştirakçılarına geniş məlumat verib.
Müxtəlif dini konfessiyaların Azərbaycanda yaşayış və fəaliyyət şəraitindən danışan Gündüz İsmayılov ölkəmizdə tarixən formalaşmış multikultural və tolerant ənənələrin səbəblərini açıqlayıb. O deyib ki, tarix boyu Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dostluq və qardaşlıq əlaqələri olub və milli, irqi, dini ayrı-seçkiliyə yol verilmədən müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstəriblər. Başqa dinlərə və xalqlara münasibətdə dözümlülüyün, onlarla yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamağın xalqımızın xarakterik xüsusiyyəti olması ilə yanaşı, həm də dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu xatırladan Komitə sədrinin müavini bu gün Azərbaycanda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində məscidlərlə bərabər, kilsə  və sinaqoqların da təmir-bərpa edildiyini diqqətə çatdırıb.
Azərbaycandakı zəngin multikultural və tolerant ənənələrdən konkret nümunələri görüş iştirakçılarının diqqətinə çatdıran Gündüz İsmayılov deyib ki, bu gün Azərbaycan hökumətinin əsas məqsədlərindən biri tarixən ölkəmizdə formalaşmış bu ənənələri daha da inkişaf etdirmək, həmçinin, tolerantlığı və dinlərarası dialoqu beynəlxalq aləmdə təbliğ və təşviq etməkdir.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının yaranma səbəblərindən danışıb. N.Xələf qeyd edib ki, onlar Azərbaycanın multikultural və tolerant dəyərləri ilə dünyada nümunə ölkə olduğunu əsas götürərək, AGAT olaraq 16 noyabr 2009-cu ildə Beynəlxalq Tolerantlıq Günündə Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasını yaradıblar və ötən müddət ərzində fəaliyyətləri ilə bu ideyanın nə qədər uğurlu olduğunu təsdiqləyiblər.
Görüşün sonunda Koordinasiya Şurasının üzvlərini maraqlandıran suallar cavablandırılıb. Şura üzvləri səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.