Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2017

Dövlət Komitəsində görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı noyabrın 7-də İsveç Krallığının Azərbaycandakı səfiri İngrid Tersman və səfirliyin müvəqqəti işlər vəkili Kristian Kamil ilə görüşüb.
Görüşdə dövlətimizin müxtəlif dini icmalara münasibətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bu istiqamətdə tarixən formalaşmış milli-mənəvi dəyərlərdən söz açıb, müxtəlif dini icmaların birgəyaşayış nümunəsindən danışıb. Səyyad Salahlı bildirib ki, dünyada müxtəlif münaqişələrə tez-tez rast gəlindiyi bir dövrdə Azərbaycanda bu vaxta qədər dini zəmində heç bir qarşıdurma yaşanmayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkəmizdəki multikultural və tolerant mühitin, dinlərarası harmoniyanın əyani şahidi olduğunu deyib. İkitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini ifadə edən İngrid Tersman bu sahədə 28 və 29 noyabr tarixlərində İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun rəhbərliyi ilə İsveç nümayəndə heyətinin Azərbaycana edəcəkləri səfərin xüsusi önəm kəsb etdiyini bildirib. Nümayəndə heyətinin tərkibində İsveçdə fəaliyyət göstərən müxtəlif dini konfessiya rəhbərlərinin təmsil olunduğunu qeyd edən diplomat sözügedən səfərin dini sahədə mövcud münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsi, təcrübə mübadiləsi baxımından əhəmiyyətli olacağına ümidvar olduğunu deyib.
Görüşdə, eyni zamanda hər iki tərəf üçün maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.