Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.05.2015

Dövlət Komitəsində görüş keçirilib

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İSESCO-nun Baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
Qonağı səmimi salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın dostu olaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Mübariz Qurbanlı bu il may ayının 15-də İSESCO-nun Rabat şəhərində yerləşən baş qərargahında Dövlət Komitəsi tərəfindən keçirilən beynəlxalq konfrans və sərginin təşkilinə verdiyi dəstəyə görə Əbdüləziz bin Osman əl-Tüveycriyə öz minnətdarlığını bildirib. Qeyd edib ki, istər beynəlxalq təşkilat olaraq İSESCO-nun, istərsə də şəxsən Əbdüləziz bin Osman əl -Tüveycrinin Azərbaycanla, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri var.
Dövlət Komitəsinin fəaliyyəti haqda danışan Mübariz Qurbanlı dini maarifləndirmə sahəsində görülən işləri vurğulayıb. O bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev təhsil və maarifləndirmə işinə xüsusi diqqət yetirir və Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxışda da bu məsələni xüsusi qeyd edib. Məhz bu amil hər bir ölkədə  ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı mübarizə aparmağın ən effektli yoludur. Dövlət Komitəsinin sədri bildirib ki, dövlətin din siyasətini həyata keçirən qurum kimi, məhz bu prinsipi rəhbər tutaraq fəaliyyətində maarifçilik işinə xüsusi önəm verir.
Səmimi qəbula görə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür edən Əbdüləziz bin Osman əl –Tüveycri ölkəmizi çox sevdiyini, Azərbaycanın yaxından dostu olduğunu məmnunluqla qeyd edib və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını özünə borc bildiyini vurğulayıb. Əbdüləziz bin Osman əl –Tüveycri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi inkişaf yolunu təqdir etdiyini, Azərbaycanın bütün dünya ölkələrinə parlaq model olduğunu və bunun dünyaya nümayiş etdirmənin zəruriliyini vurğulayıb. İSESCO-nun Baş katibi Dövlət Komitəsi ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin, üzv dövlətlərlə birgə layihələr həyata keçirilməsinin vacibliyini qeyd edib.
Görüş zamanı ölkəmizin tolerantlıq və multikulturalizm ənənələri yönündə nümunə olduğu, İSESCO ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi, eyni zamanda,  birgə fəaliyyətin nəticəsi kimi İslamın dostluq, həmrəylik və birgəyaşayış dini olduğunun  dünyaya çatdırılmasının vacibliyi ifadə olunub.