Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.01.2021

Dövlət Komitəsində görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov yanvarın 29-da ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə şöbəsinin müdiri Jonatan Hayes ilə görüşüb.

Səyavuş Heydərov Azərbaycanda dini sahədə həyata keçirilən uğurlu siyasət, ölkəmizdəki dinlərarası və millətlərarası harmoniyanın dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, bu gün ölkəmizdə din azadlığı yüksək səviyyədə təmin olunur. Respublikamızdakı bütün dini icmalara zəruri şərait yaradılır, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərilir.

Azərbaycanın dini təhlükəsizliyin təmin edilməsi istiqamətində, islamofobiya, ksenofobiya və bu kimi mənfi tendensiyalara qarşı mübarizədə hərəkətverici qüvvəyə çevrildiyinə diqqət çəkən S.Heydərov torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi zamanı Ermənistanın münaqişəni dinlərarası qarşıdurma səviyyəsində təqdim etmək cəhdlərinin boşa çıxdığını qeyd edib. Bildirilib ki, Ermənistanın din amilini qabartmaq istəyi Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar tərəfindən qınaq obyektinə çevrildi və beynəlxalq səviyyədə pislənildi. Vətən müharibəsi ölkəmizdə dini və milli həmrəyliyin sarsılmaz olduğunu bariz şəkildə nümayiş etdirdi.

Sədr müavini, həmçinin, ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycanın bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyərək din azadlığının təmin edildiyi ölkələr sırasında yer almasını müsbət hal kimi qeyd edib.

Səfirliyin siyasi məsələlər üzrə şöbəsinin müdiri Jonatan Hayes ölkəmizdə bütün dinlərin nümayəndələrinin bərabərhüquqlu fəaliyyət göstərmələri üçün yaradılan mühitin əyani şahidi olduğunu, bunun ABŞ Dövlət departamenti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.