17.01.2014
Dövlət Komitəsində “20 yanvar: Milli-mənəvi dəyərlərin zəfəri” adlı anım tədbiri keçirilmişdir
Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, dini konfessiya rəhbərləri, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların iştirakı ilə xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibəti ilə “20 Yanvar: Milli-mənəvi dəyərlərin zəfəri” adlı anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisəsi müstəqilliyə aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsidir. Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyi və hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycan əleyhinə xəyanətkar siyasətinə qarşı çıxaraq ölkəmizin haqq səsini müdafiə etdiyi məsələsinə toxunan E.İskəndərov bildirib ki, bu, informasiya blokadasının olduğu bir vaxtda misilsiz addım idi: “Həmin vaxt xalq sanki yetim qalmışdı. Hamı, hətta SSRİ-də baş verənləri tez bir şəkildə işıqlandıran xarici mətbuat orqanları da susurdu. Məhz belə bir vaxtda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz mənəvi ağsaqqallıq missiyasını yerinə yetirərək Moskvada Azərbaycanın haqq səsini ucaltdı. Bu, digər tərəfdən informasiya blokadasının yarılması idi. Çünki Ümummilli Liderin nüfuzu sayəsində SSRİ və müxtəlif ölkələrin KİV nümayəndələri bu bəyanatı işıqlandırdılar”.
Komitə sədri zaman-zaman bu cür faciələrlə üz-üzə qalan Azərbaycanın bütün sınaqlardan uğurla çıxdığını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada öz sözünü deyən ölkələr siyahısına daxil olduğunu vurğulayıb.
20 Yanvar Respublika Cəmiyyətinin sədri Soltan Əzimzadə, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru, 20 Yanvar hadisələrinin şahidi, eyni zamanda həmin faciə nəticəsində yaralanmış Elçin Əsgərov çıxışlarında bildiriblər ki, milli azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Natiqlər 20 Yanvar günü baş verənlərlə bağlı acı gerçəkləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete və digərləri insanlığa qarşı həyata keçirilən bu terrorun qəbuledilməz olduğunu vurğulayaraq cinayətkarların bugünədək cəzasız qalmalarından təəssüfləndiklərini ifadə ediblər.
DQİDK-nin mətbuat xidməti
DQİDK-nin mətbuat xidməti