Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.01.2013

Dövlət Komitəsi yeni rəsmi saytını təqdim etdi (Video/Foto)

Bu gün “Park İnn” otelində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytının yeni versiyasının təqdimat mərasimi keçirilib. Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxış edərək bildirib ki, Azərbaycan hökumətinin dövlət-din münasibətləri sahəsində siyasəti, milli-mənəvi dəyərlərimizə qayğısı, ölkəmizdəki tolerantlıq ənənələri, dinlərin tarixi, mövcud dini qurumlar, tarixi-dini abidələr, o cümlədən ibadət evləri və ziyarətgahlar, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumatların geniş və ətraflı şəkildə cəmiyyətə çatdırılması məqsədilə Dövlət Komitəsinin rəsmi internet saytı fərqli tərtibatda və geniş formatda yenidən işlənərək hazırlanmışdır. Sayt yeni formatda hazırlanarkən vətəndaşların Dövlət Komitəsinə elektron müraciət etməsinin asanlaşdırlması, din sahəsində müvafiq məlumatların qısa yolla və operativ şəkildə əldə edilməsi, onların mütəmadi dəyişdirilməsi zərurəti, eləcə də informasiya texnologiyalarının üstünlükləri və müasir dövrün tələbləri nəzərə alınmışdır. “Rəsmi internet saytını yenidən qurmaqla dini icmalar, KİV nümayəndələri, ümumiyyətlə, müxtəlif sahələrində fəaliyyət göstərən insanların Dövlət Komitəsi ilə qarşılıqlı əlaqələrini daha asan şəkildə təmin etmək istəyirik. Bunun üçün də müasir tələblərə tam cavab verən tam yenidən qurulmuş sayt hazırlandı. Saytda dini icmaların onlayn şəkildə Dövlət Komitəsinə müraciəti, onları maraqlandıran suallara cavab verilməsi üçün, eləcə də  dövlətimizin din sahəsinə olan qayğısını özündə əks etdirən “Dinə dövlət dəstəyi” kimi bölmələr var. Həmçinin, saytda ölkəmizdə mövcud olan ibadət evləri, abidələr haqqında geniş məlumatlar yerləşdirilib. Bütün bu zəngin məlumat bazası əsasında respublikasnın elektron dini xəritəsi hazırlandı. Məhz Dövlət Komitəsinin saytına daxil olmaqla istənilən şəxs asan şəkildə mövcud məscidlər, kilsələr, sinaqoqlar, alban abidələrii və ziyarətgahlar haqqında geniş məlumatlar əldə edə və onların xəritədəki ünvanları ilə tanış ola bilərlər.” Elşad İskəndərov onu da vurğuladı ki, saytla bağlı bütün bunlar Azərbaycan üçün yenilikdir və gələcəkdə daha da təkmilləşdirilə bilər.
Təqdimat mərasimində cıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova saytın fəaliyyətə başlamasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən irəliyə doğru atılan mühüm addımlardan biri olduğunu deyib.
O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində bir çox irəliləyişlər var və saytın fəaliyyətə başlaması bu silsilədən olan yenilik və əlamətdar hadisələrdən biridir:
“Saytda dini xəritənin olması, məscidlər, kilsələr, sinaqoqlar, abidələr, ziyarətgahlar haqqında geniş məlumatların yer alması bu haqda ictimayyətin ətraflı məlumat almasına xidmət edəcək”.
Daha sonra yeni rəsmi sayt tədbir iştirakçılarına təqdim edildi. DQİDK-nin mətbuat katibi Orxan Əli saytın quruluşu və imkanları haqqında geniş məlumat verdi, xüsusilə “Sədrə məktub yaz”, “Soruşun cavab verək”, “Elektron xidmətlər”, “Müraciət edin” bölmələri barədə danışdı. Eyni zamanda, O. Əli saytın üstünlükləri, vətəndaşların, xüsusilə dini qurumların Dövlət Komitəsinə operativ çıxışının asanlaşdırılması haqqında məlumat verdi. “Yeni saytın istifadəyə verilməsi Dövlət Komitəsi ilə dini qurumlar və vətəndaşlar arasında operativ əlaqə qurmasına şərait yaratdığı üçün bu, mexaniki olaraq dini durumla bağlı bir sıra məsələlərin həllinə müsbət təsir göstərəcək.”
Sonda Dövlət Komitəsi tərəfindən jurnalistlər və dini mövzuda yazanlar üçün “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda məqalə müsabiqəsi elan edildi.