Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.03.2013

Dövlət Komitəsi Xütbə vəsaitini təsdiq edib

“Sevindirici haldır ki, vəsaitdə dövlətçilik və vətənpərvərlik istiqamətində olan mövzulara geniş yer ayrılıb”

 Bunu Qafqaz Müsəlmanları İdarəsində keçirilən Xütbə vəsaitinin təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov söyləyib. Komitə sədri bildirib ki, icmaların çoxsaylı tələblərinə cavab olduğu üçün QMİ-nin təşəbbüsü ilə hazırlanmış bu vəsait Komitədə ekspertizadan keçirilərək təsdiq edilmişdir.

E.İskəndərov Xütbə vəsaitini yüksək qiymətləndirib: “Düşünürəm ki, Xütbə vəsaiti – yüksək səviyyədə, peşəkarcasına hazırlanıb və bu münasibətlə müəllifləri təbrik edirik”.

 Dövlət komitəsinin sədri bu Xütbə vəsaitinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, tövsiyə məcmuəsi olan bu vəsait cəmiyyətdə milli-mənəvi dəyərlərimizin düzgün təbliğinə, cəmiyyətin mənəvi ehtiyaclarının ödənilməsinə xidmət edəcək. “Sevindirici haldır ki, vəsaitdə dövlətçilik və vətənpərvərlik istiqamətində olan mövzulara geniş yer ayrılıb və dindar camiəmizin məhz bu istiqamətdə yetişdirilməsinə, cəmiyyətin və dövlətin layiqli vətəndaşları olmasına yönəlibdir”, - E.İskəndərov əlavə edib.