29.10.2016
Dövlət Komitəsi və Xəzər RİH-nin birgə təşkilatçılığı ilə tədbir keçirilib
Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət evində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xəzər rayon şöbəsinin rəisi Asif Abbasov, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətləndiyini qeyd edib. Səyyad Salahlı bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin inkişafı, dini radikalizm və ekstremizmin fəsadları ilə mübarizə metodları istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev və Dövlət Təhlükəsizliyi Xidmətinin Xəzər rayon şöbəsinin rəisi Asif Abbasov məruzə ilə çıxış ediblər. Natiqlər ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.
Tədbirdə, həmçinin Zirə “Cümə” məscidinin axundu Əjdər Mirzəyev və Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tədbir iştirakçılarına maarifləndirici ədəbiyyatlar paylanılıb.

.jpg)


