27.02.2017
Dövlət Komitəsi və Təhsil Nazirliyi birgə maarifləndirici tədbir keçirib
Fevralın 27-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Səbail rayonunda yerləşən 49 nömrəli məktəb-liseydə maarifləndirici tədbir keçirilib.
“Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Bakı Baş Təhsil İdarəsinin təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşları Nuru İmanov və Pərvin Əlizadə, Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əli Muradov, Səbail rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəb-liseyin direktoru Təhminə Əsədova, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 49 saylı məktəb-liseyin direktoru Təhminə Əsədova dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
Bakı Baş Təhsil İdarəsinin təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev çıxışında milli-mənəvi və əxlaqi dəyərlərimizdən söz açıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, günümüzdə İslam həmrəyliyi radikalizmə qarşı ciddi mübarizə metodudur. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətinə toxunan natiq hər bir gəncin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Nuru İmanov “İslam Həmrəyliyi İli”nin əhəmiyyətindən danışaraq həmrəyliyin həm dini, həm də milli-mənəvi dəyər olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda şagirdlərlə geniş fikir mübadiləsi aparılıb.