Şriftin ölçüsü:
Saytın rəngi:
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinə əsasən, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi və 6.9-cu bəndinə əsasən kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi planına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə dekabrın 11-də videokonfrans təşkil olunub.
Tədbirdə “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyinin eksperti Zaur İbrahimov və Dövlət Komitəsinin Mərkəzi Aparatının, eləcə də regional bölmələrinin məsul şəxsləri iştirak ediblər.
Çıxışlarda Milli Fəaliyyət Planında əks olunan tədbirlərin icrasının ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi olduğu diqqətə çatdırılıb. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Eyni zamanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planına uyğun olaraq, korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaratmaq üçün bağlı əməkdaşlıqların genişləndirilməsi, gələcəkdə də birgə tədbirlərin, ictimai müzakirələrin, videokonfransların keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci və 6.9-cu bəndlərinin icrası ilə bağlı ilkin və aralıq nəticələr əldə olunub. Dövlət Komitəsinin kollegial qərarların qəbulu prosedurlarında vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı üçün şərait yaradılması, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirici layihələrin icrası, korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi və müvafiq tədbirlərin əhali arasında geniş yayılmasının təşviqi təmin edilib.