Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə Respublikanın cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri (imam və axundlar), ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün 15-16 fevral 2013-cü ildə Lənkəran şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirəcəkdir.
Regional konfransın əsas məqsədi dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılmasıdır. Həmçinin dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması seminarın priorotet istiqamətlərindəndir.
Qeyd edək ki, regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, Cənub rayonlarının icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. Tədbirdə Cənub bölgəsinin 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq dini icmanın nümayədələrinin iştirakı və konfrans çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulmuşdur.
Xatırladaq ki, bundan əvvəl Dövlət Komitəsi Şimal-qərb bölgəsində, Oğuz rayonunda analoji tədbir keçirmişdi.
DQİDK-nın mətbuat xidməti