Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2026

Dövlət Komitəsi ilə Müdafiə Nazirliyi arasında birgə fəaliyyət planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2026-cı il üzrə birgə tədbirlər planı imzalanıb.

Sənədə əsasən, cari il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan bütün qoşun növlərində, birlik və birləşmələrdə, hərbi hissələrdə, habelə xüsusi təyinatlı təhsil müəssisələrində kompleks və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əsas məqsəd hərbi qulluqçular arasında milli-mənəvi və əxlaqi dəyərlərin möhkəmləndirilməsi, dini radikalizmə və ekstremizmə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də şəxsi heyətdə sağlam dünyagörüşünün formalaşdırılması və dövlət-din münasibətləri sahəsində aidiyyəti dövlət qurumları arasında institusional koordinasiyanın artırılmasıdır.

Tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda mütəmadi əsasda maarifləndirici görüşlərin, seminarların, təlimlərin və profilaktik tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyətlər hərbi qulluqçuların şəxsi heyətin vətənpərvərlik ruhunun artırılmasında, mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsinə və orduda sağlam mənəvi mühitin qorunmasına xidmət edəcəkdir.