Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.07.2015

Dövlət Komitəsi 10 dini icmaya maliyyə yardımı ayırdı

Məqsəd dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini gücləndirməkdir
İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və dini  icmaların sədrləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. Komitə sədri bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edib.
Ayrılan maliyyə yardımının müvafiq icmalar tərəfindən yerlərdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə, eləcə də dini radikalizmlə mübarizə istiqamətində sərf edilməli olduğunu vurğulayan Mübariz Qurbanlı, icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib. Dövlət Komitəsinin sədri dini icma nümayəndələrinə həyata keçirəcəkləri layihələrə daha çox gəncləri cəlb etmələrini tövsiyə edib. Milli –mənəvi dəyərlərimiz olduğu kimi gənclərə çatdırılmalıdır ki, bu işdə də dini icma rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür.
Tədbirin sonunda dini icma sədrləri çıxış edərək, bu sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin, dini icmalara ayrılan vəsaitə görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.