Şriftin ölçüsü:

Saytın rəngi:

21.06.2013

“Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans öz işini başa çatdırıb

Quba şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə keçirdiyi “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans öz işini başa çatdırıb.

Konfransın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası, analitik təhlil və ictimai məsələlər şöbəsinin müdiri, ilahiyyatçı Aqil Şirinov “İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti” (Qurani-Kərim və hədislər işığında) mövzusunda məruzə ilə çıxış edərək radikal qupların Quran və sünnəyə baxışında məqamlar barəsində danışıb. Qeyd edib ki, bunlardan birincisi dini mətnləri konteksdən qopararaq dəyərləndirmələridir. Bu qrupların başqa bir xüsusiyyəti bidət məfhumunu çox dar bir çərçivədə qəbul edərək ortaya çıxan hər yeniliyə qarşı reaktiv bir mövqedən yanaşmalarıdır. Mövlud mərasimlərinə qarşı çıxmaları bunun bariz nümunəsidir. Eyni halı onların şirk anlayışında da görmək mümkündür. Bu məfhum da qeyd olunan qruplar tərəfindən dar bir çərçivədə başa düşülür və bunun nəticəsi olaraq bir şox müsəlman məzhəbləri tərəfindən qəbul olunan təvəssül anlyışı şirk kimi qəbul olunur. Bu da öz növbəsində ekskluzivist bir anlayışa yol açır və digər İslam məzhəblərnin təkfir (küfrdə ittiham) olunmasına səbəb olur.

Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”adlı məruzəsində dünyanın bir sıra ölkələrində dini radikalizmin əsas təhlükə kimi öz aktuallığını qoruduğu, bu baxımdan radikal dini quruplarla mübarizənin müasir dövrdə dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən olduğu vurğulamışdır. Qeyd etmişdir ki, dini radikalizmlə yalnız inzibati metodlarla mübarizə bir çox halda gözlənilən nəticəni vermir, hətta əks təsir göstərərək problemi daha da dərinləşdirir. Məruzəçi dini radikalizmlə mübarizədə inzibati tədbirlərin ən sonuncu çarə sayılmalı olduğu, problemin ilkin çözümü üçün ideoloji müstəvidə iş aparılmasının vacibliyi konfrans iştirakçılarının diqqətinə çatdırmış, bu sahədə dini ictimaiyyətin, xüsusilə də dini icmaların daha aktiv olmaları qeyd etmişdir.
Daha sonra məruzədə dini radikalizmlə mübarizənin praktik metodları şərh edilmişdir.

Xəzər Universitetinin müəllimi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin əməkdaşı, ilahiyyatçı Elmin Əliyev “Dini radikalizmlə mübarizədə nümunəvi təcrübə” mövzusunda çıxış edərək ictimai-siyasi və psixoloji səbəblərə görə dini radikalizmə meyl edən inanclı insanların yenidən cəmiyyətə qazandırılması üçün aparılan sistematik maarifləndirmə tədbirləri barədə danışıb.E. Əliyev peyğəmbər əxlaqının əsas prinsipləri, İslamda insana verilən dəyər və insanın yaradılış hikməti vurğulamış, qərb dövlətlərində, habelə Misir, Türkiyə, İran və Malayziya kiami ölkələrdə bu istiqamətdə aparılan işlərdən misallar gətirmiş, Azərbaycanın tolerantlıq modelinin nümunəviliyi göstərmişdir.

Dövlət Komitəsinin Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Nicat Məmmədli “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Vətənprəvərlik eksluzivist konsepsiyaya əsalanmamalıdır. Vətənpərvərlik dəyər olaraq mənim vətənimin başqalarından üstünlüyünü kiməsə sübut emək niyyəti daşımır, vətənpərvərlik bizi biz edən kimliyimizin tərkib elementlərini paylaşa bilmək üstünlüyünü dərk etməkdən barətdir. Bu mənada vətənpərvərlik yalnız keçmişə yönəlmiş yaddaşla deyil, həmçinin gələcəyə yönəlmiş ümidlə güclənir.

Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində din xadimlərimizin rolu” (Tarixi faktlar əsasında) mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, dövlətçiliyimizin möhkəmlənməsində tarix boyu din xadimlərimiz müstəsna rola malik olmuşlar. N. Rəhimov Azərbaycanda mövcud dövlətçilik ənənlərinə toxunaraq hər zaman din xadimlərinin ölkənin inkişafındakı rolununu diqqətə çatdırmış, qeyd etmişdir ki, tarix boyu mövcud olan bu ənənə bu gün də davam edir.

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədovun “Mötədillik: əsasları və prinsipləri” (Qurani-Kərim və hədislər əsasında, Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyatçı Saleh Kazımovun “Vəhdət naminə məzhəblərarası dialoq” (Şimal bölgəsinin tarixi təcrübəsi əsasında) məruzələri və Milli qəhraman Mübariz İbrahimov haqqında nümayiş etdirilən film maraqla qarşılanıb.

Regional konfransın bağlanış mərasimində çıxış edən DQİDK sədr müavini Gündüz İsmayılov iki gün ərzində keçirilən plenar iclaslarda dinlənilən məruzələrin və aparılan müzakirələrin dini icmaların fəaliyyətinə müstəb təsir edəcəyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, bu cür konfranslar ölkəmizdə mövcud dini tolerantlıq mühitinin daha da yaxşılaşdırılması və radikalizmlə mübarizədə əsas vasitələrdən biridir. Eyni zamanda ənənəvi dindarlığın təbliği istiqamətində mühüm əhəmiyyət kəsb edir. G.İsmayılov dini icmaların cəmiyyətin aktiv təbəqəsi olduğunu diqqətə çatıdıraraq onları ölkəmizin inkişafı üçün fəaliyyətlərində Azərbaycanın parlaq gələcəyi üçün çalışmağa çağırıb.

 
DQİDK-nin mətbuat xidməti