Şriftin ölçüsü:

Saytın rəngi:

30.11.2024

“Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans başa çatıb

Noyabrın 30-da Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans işini panellərlə davam etdirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən 1-ci panel “Dövlət-din münasibətləri: ideoloji təhlükəsizlik müstəvisində” mövzusuna həsr olunub. Sədr müavini “Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edərək dini kimliyin milli kimliyə qarşı qoyulması, dindar kontingent arasında dünyəviliyin zəiflədilməsi, dinin siyasiləşdirilməsi, cəmiyyətdə qütbləşmənin yaradılması və bu kimi digər cəhdlərin törədə biləcəyi fəsadlara diqqəti çəkib. Bildirib ki, zərərli təbliğatla effektiv mübarizədə ən uğurlu tədbirlərdən biri də düzgün metodlarla təşkil edilmiş dini maarifləndirmə işinin genişləndirilməsidir.
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzü təmin etdikdən sonra ideoloji təhlükəsizliyimizlə bağlı məsələni xüsusi diqqətində saxlayır. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri modeli xalqımızın maraqlarını ifadə edərək, demokratik prinsiplərə əsaslanır. Deputat onu da vurğulayıb ki, tarixi ənənələrimiz və yaşadığımız coğrafiya bizə tolerant olmağı diktə edir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşı Natiq Mirzəyev bildirib ki, ölkədə vicdan azadlığının bərqərar olması tolerantlığın və multikulturalizmin qorunub saxlanmasının əsas şərtlərindən biridir. Respublikamızda dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atılıb. Bu baxımdan "Dini etiqad azadlığı haqqında" Qanunun qəbul edilməsi və zaman keçdikcə şəraitə uyğun olaraq, ona müvafiq düzəlişlər edilməsi mühüm əhəmiyyət kəsb edir.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, professor İsmayıl Hacıyev Azərbaycanda dövlət-din münasibətlərinin keçdiyi yola nəzər salaraq dünyəvi dövlət modelinin üstünlüklərinə diqqət çəkib. Vurğulayıb ki, din siyasətə qarışanda mahiyyətini, nüfuzunu itirir. Dinin siyasətdə istifadə olunması, alətə çevrilməsi tarix boyu ciddi qarşıdurmalarla müşayiət olunub. Bu səbəbdən ağıllı cəmiyyətlər dini siyasətdən kənar tutur. İ.Hacıyev bildirib ki, ölkəmizdəki dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında hiss edirlər.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavid Cəfərov deyib ki, ideoloji təhlükəsizlik cəmiyyətin mənəvi və siyasi əsaslarının qorunması, ekstremist ideologiyaların yayılmasının qarşısının alınması ilə bağlıdır. Dini harmoniya və dövlətin təhlükəsizliyi təmin edilərək sabitliyin qorunması, dini radikalizm, ekstremizm kimi təhdidlərə qarşı mübarizədə yalnız hüquq mühafizə orqanlarının deyil, cəmiyyətin bütün təbəqələrinin birgə səyləri ilə effektiv nəticələr əldə etmək mümkündür. C.Cəfərov onu da əlavə edib ki, dini azadlıq hər bir fərdin fundamental hüququdur və Azərbaycan Respublikasında bu hüquq Konstitusiya, eləcə də digər qanunlarla qorunur.
Daha sonra “Milli-mənəvi dəyərlərə qayıdış: ənənə və müasirlik” adlı panel sessiya keçirilib. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluq etdiyi sessiyada ideoloji risklərin çoxaldığı müasir dövrdə ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələr, dinlərarası dialoqun inkişafı ilə bağlı qlobal çağırışlarla əlaqəli mövzular ətrafında çıxışlar dinlənilib.

Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunaraq yad təsirlərdən qorunması dövlətçilik tariximizdə Heydər Əliyev şəxsiyyətinin müstəsna rolu ilə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi həm də milli birliyə, həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Ulu Öndər Heydər Əliyevin ideyalarının alternativinin olmadığını bir daha ortaya qoyub. V.Babayev vurğulayıb ki, bəzən yanlış olaraq ənənə ilə müasirlik arasında bir ziddiyyətin olduğu düşünülür. Milli-mənəvi dəyərləri qorumaq və inkişaf etdirmək üçün bu iki anlayışı bir-birinə qarşı qoymamalı, əksinə, onları harmonik şəkildə birləşdirməliyik.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov deyib ki, dini dəyərlər milli dəyərlərin tərkib hissəsidir. Dini dəyərlərin milli dəyərlərə qarşı qoyulması və din adı altında milli kimliyin hədəfə alınması yolverilməzdir. M.İsmayılov təəssüf hissi ilə bildirib ki, bəzi insanlar şüurlu şəkildə, bəziləri isə bilməyərəkdən dini mövzuları öz məqsədləri üçün istismar edir. Bu kimi cəhdlərə qarşı daim mübarizə aparmalı, dəyərlərimizi qoruyub saxlayaraq gələcək nəsillərə ötürməyə çalışmalıyıq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxışında ənənəviliklə müasirlik arasında ziddiyyətin yaradılmasının fəsadları, qızların təhsildən yayındırılması, dünyəvi dövlət quruluşuna mənfi münasibət və digər bu kimi məsələlərə toxunub. Bildirib ki, belə mənfi tendensiyalar dindən siyasi məqsədlərlə istifadə cəhdlərinin yaranmasına, radikal, fanatik və ekstremist qrupların baxışlarının yayılmasına səbəb olur.

Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının dosenti, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov dövlət-din münasibətlərində yeni mərhələdən bəhs edərək bildirib ki, sekulyarizm ilə postsekulyarizm arasındakı fərqlər dinin cəmiyyət və dövlətlə münasibətlərini, eləcə də bu münasibətin necə formalaşacağını müəyyən edən fəlsəfi fikir fərqlilikləridir. Bu iki yanaşma arasında gedən müzakirələr və tənqidlərin din ilə cəmiyyət arasındakı əlaqələri necə inkişaf etdirəcəyinə dair fikirlərini bölüşən dosent bütün bunların gələcəkdə daha dərin və kompleks müzakirələrə yol açacağını deyib.

Konfransın yekununda çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri modeli güclü dövlət, vətəndaş kimliyinə əsaslanan milli həmrəylik və gələcək haqqında cəmiyyətin ümumi mənafelərini ifadə edən baxışlar sistemi üzərində qurulub. Dövlətin məqsədi insanların dini etiqad azadlığı ilə bağlı fərdi seçimlərini nəzarətdə saxlamaq deyil, inanclar və ictimai mənafelərin harmoniyasını qorumaqdır. Azərbaycan qlobal çağırışlar kontekstində mövcud riskləri qiymətləndirərkən mümkün və ya ehtimal olunan təhdidlərin əldə etdiyimiz nailiyyətlər fonunda təhlilini əsas götürür. Bu daha aydın, konkret və faydalı nəticələr çıxarmaq imkanı yaradır. Konfransda aparılan səmərəli fikir mübadiləsinə görə iştirakçılara təşəkkürünü bildirən R.Məmmədov tədbirdə səsləndirilən bütün təkliflərin təhlil olunacağını və nəzərə alınacağını qeyd edib.

Müzakirələrdən sonra konfrans yekunlaşıb.