08.11.2017
Dövlət bayrağı milli kimliyimizi xarakterizə edir
Noyabrın 8-də “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən 100 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Dövlət bayrağı milli kimliyimizi xarakterizə edən atribut kimi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Pərvin Nuriyeva, 100 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Qubadova, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Qubadova Azərbaycanın dövlət atributlarının gənclərin vətənpərvərlik ruhunun formalaşmasındakı rolundan söhbət açıb. A.Qubadova çıxışında bu sahədə aparılan maarifləndirmə işinin əhəmiyyətini də qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Nuriyeva isə Azərbaycan bayrağının milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu, özündə müasir, demokratik və mənəvi dəyərləri birləşdirdiyini qeyd edib. Dövlət rəmzlərinə olan bağlılığın tarixi, milli köklərə bağlılıq olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov çıxışında dövlətçilik ənənələrimizin qorunmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıb. Bildirib ki, bir millətin milli kimliyini formalaşdıran ən mühüm amil milli-mənəvi dəyərlərin məcmusu və vəhdətidir.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
.jpg)
.jpg)