Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.06.2021

Dinlərarası dialoq: reallıqlar və inkişaf istiqamətləri

Bəşəriyyəti narahat edən  qlobal problemlərin aradan qaldırılması üçün   dinlərarası dialoqun genişləndirilməsi  mühüm əhəmiyyət daşıyır.  Qloballaşma prosesi ictimai həyatın bütün sahələri ilə yanaşı, dinlərarası dialoqa ciddi təsir göstərir. Müasir dövrdə  rəqəmsal texnologiyaların inkişafı  dinlərarası dialoqla bağlı informasiya mübadiləsini sürətləndirməklə yanaşı,  dini  şüurun konstruktiv istiqamətdə formalaşmasına  mənfi təsir göstərən, xalqların dini kimliyi ilə uzlaşmayan meyllərin də yaranmasına səbəb olur. Buna görə də dinlərarası dialoqun həm Azərbaycanda, həm də qlobal səviyyədə inkişaf istiqamətlərinin  təhlili və proqnozlaşdırılması  mühüm aktuallıq kəsb edir. 

Qlobal məkanda  informasiya proseslərinin dinamikliyi  dinlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır, müxtəlif dini etiqadlar arasındakı münasibətlərə keyfiyyətcə yeni xüsusiyyətlər gətirir və bu məsələ elmi dairələrin, dini fəaliyyət sahəsi ilə bağlı  tədqiqatların, o cümlədən müvafiq beynəlxalq təşkilatların diqqət mərkəzində dayanır. Dinlərarası dialoqun mahiyyətinə dair baxışların müqayisəli şəkildə təhlilindən aydın olur ki, ona müxtəlif tərəflərdən yanaşmaq olar.  Belə ki, bu dialoq dinlərarası əlaqələrin açıqlığına, dini müxtəlifliyə və  tolerantlığa söykənən ictimai  prosesdir. O, həm məqsədyönlü fəaliyyətə əsaslanan, müxtəlif dini  dünyagörüşü olan insanlar arasında tolerant münasibətləri  təmin edən strategiya, həm də  sosio-mədəni praktikadır.

Tarixən  dini müxtəliflik və dinlərin  qarşılıqlı təsiri  “dialoq” konseptinin təkamülünü şərtləndirmişdir. Dinlərarası dialoq zamanı birgəyaşayış qaydalarının təmin olunmasında  özünəməxsus yer tutan mütərəqqi dini dəyərlərin kommunikativ  rolu güclənir. Dini zəmində meydana gələn problemlərin aradan qaldırılması üçün  dinlərarası dialoqa hərtərəfli dəstəyin verilməsi  dünya dövlətləri qarşısında dayanan mühüm vəzifələrdən biridir.  Nəzərə alınmalıdır ki, dinlərarası dialoq şəraitində  dünya xalqlarının dinc, qarşılıqlı münasibətlər şəraitində yaşaması mümkündür.

Müasir dövrdə dinlərarası dialoqla  inklüziv   cəmiyyət arasındakı bağlılıq mühüm aktuallıq kəsb edir. İnklüziv cəmiyyət  dinlərarası dialoqun təsir imkanlarını genişləndirir.  BMT-nin  “Dayanıqlı İnkişaf Məqsədləri - 2030” adlı sənədində inklüziv cəmiyyətin təşviqinin əsas hədəflərdən biri hesab edilməsi  müxtəlif sahələrlə yanaşı, həm də  dinlərarası dialoqa dair innovativ yanaşmaları tələb edir.

  Dinlərarası dialoq Azərbaycanda qədim tarixə malikdir və ölkəmizin milli inkişaf strategiyasının tərkib hissələrindən biridir.  Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Dinlərarası dialoqun təmin olunmasında əsas məqsədlər dünyada sabitliyin  və əmin-amanlığın  təmin edilməsi;  dini müxtəlifliyin   qorunması və təşviqi;  vətəndaş həmrəyliyinin  yaradılması; dini konfessiyalar arasında  qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi; dinlərarası dialoqun potensialından və imkanlarından dini-mədəni birgəyaşayışın təmin edilməsi üçün istifadə olunması; dini müxtəlifliyin  təşviqi məqsədilə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və s.  ibarətdir.  Qeyd edək ki, dinlərarası dialoq çərçivəsində dini   müxtəlifliyin qorunması vicdan və  dini etiqad azadlığı ilə sıx şəkildə bağlıdır.  Dini müxtəlifliyin əsasında  müxtəlif dinlərin nümayəndələrinin bərabər konstitusion hüquqlarının  qorunması  dayanır.

  Azərbaycan dövlətinin siyasətinə görə, dini müxtəliflik cəmiyyətin harmonik inkişafını təmin edən mənəvi dəyərlərdən biridir.  Dini tolerantlığın təşviqi indiki və gələcək nəsillərin demokratik,  dini müxtəlifliyin qorunduğu şəraitdə yaşamasını şərtləndirir. Dini müxtəlifliyin təmin olunması sahəsində dövlət  siyasəti  aparılarkən Azərbaycan Respublikasının Konstitusiyasında  və digər normativ-hüquqi aktlarda,  müvafiq beynəlxalq konvensiyalarda öz əksini tapmış prinsiplər və dəyərlər əsas götürülür.   

Dinlərarası dialoq cəmiyyətdə  sabitləşdirici  faktor rolunu oynayaraq,  ümumbəşəri mənəvi-əxlaqi dəyərləri   zənginləşdirir. Müxtəlif dinlərə  etiqad edən  ölkə vətəndaşları  dinlərarası dialoq zamanı  özlərinin dini-mədəni  ənənələrini qoruyub  saxlayır. Bu  dialoqun  əsas  meyarlarından biri vicdan və dini etiqad azadlığının təmin olunmasıdır.  Azərbaycanda  dinlərarası dialoqu kommunikativ aspektdən təhlil etsək görərik ki, onun məqsədləri müəyyən olunarkən   mütərəqqi dini ənənələrdən  və  dəyərlərdən çıxış edilir.  Dinlərarası  dialoq sivil birgəyaşayışın təşkili vasitələrindən  biri kimi özündə dini  plüralizmi,  dini-mədəni bərabərliyi  və s. ehtiva edir.

Ölkəmizdə mütərəqqi dini dəyərlərin qorunması, vicdan və dini etiqad azadlığının təmin edilməsi, müxtəlif dini konfessiyalar arasında  həmrəyliyin dərinləşməsi üçün yaradılmış qanunvericilik bazası dinlərarası dialoqun hüquqi-siyasi əsasını təşkil edir. Azərbaycan dövlətinin siyasətində  dini müxtəlifliyin təmin olunması özünə mühüm yer tutur.  Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən də belədir. Mən dəfələrlə demişəm, bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik”.

Dinlərarası dialoqun dərinləşməsi  istiqamətində aparılan  məqsədyönlü dövlət siyasəti  multikultural və tolerant mühiti möhkəmləndirir.   Dövlət-din münasibətləri konstitusion normalar əsasında  tənzimlənir. Dini qurumlar ölkə qanunvericiliyinin onlara verdiyi demokratik imkanlardan bəhrələnərək  dinlərarası dialoqun  möhkəmlənməsində  və  inkişafında yaxından iştirak edirlər.            Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması dinlərarası və mədəniyyətlərarası dialoqa dövlət səviyyəsində böyük diqqət göstərildiyinin ifadəsidir.  Azərbaycan Prezidentinin  2017-ci il  10 yanvar tarixli Sərəncamı ilə  2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi isə İslam dininin mütərəqqi dəyərlərinə ölkəmizin sadiqliyini, dünyada dinlərarası dialoqun  inkişafına böyük əhəmiyyət verdiyini göstərir.

Dinlərarası dialoq çərçivəsində müxtəlif millətlərin və etnik qrupların  dinlərinə  hörmətlə yanaşmaq xalqımızın  dini  kimliyini xarakterizə edən  əsas xüsusiyyətlərdən biridir.  Azərbaycanın   Şərqlə Qərbin kəsişdiyi  coğrafi ərazidə yerləşməsi dinlərarası dialoqun mərkəzi kimi onun nüfuzunu artırır. Bu dialoqa dəstək verilərkən belə bir prinsip  əsas götürülür ki, tolerant mühit demokratik və dünyəvi dövləti xarakterizə edən əsas xüsusiyyətlərdən biridir. Dini  müxtəlifliyin təmin olunması və dinc  yanaşı yaşamaq dinlərarası həmrəyliyi təmin edir.

Azərbaycan dövləti multikulturalizmə,  dinlərarası  dialoqa  həsr olunan xeyli sayda  beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmiz  2008-ci ildə “Bakı prosesi”  adlandırılan və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən  platformanın təşəbbüskarı kimi  qlobal miqyasda dinlərarası dialoqun  genişlənməsində yaxından iştirak edir. Azərbaycanda keçirilən  Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları dinlərarası dialoqun dərinləşməsi üçün səmərəli və çevik vasitələrin  axtarılıb tapılması baxımından böyük əhəmiyyət daşıyır. Bu tədbirlər sübut edir ki, dünya birliyi  vahid iradə nümayiş etdirərək, sülhün və əmin-amanlığın qorunmasına strateji vəzifə kimi yanaşmalı, islamofobiya, irqçilik,  ksenofobiya və dini ayrı-seçkilik hallarına qarşı qətiyyətli  addımlar atmalıdır. 

2010-cu il aprelin 26-27-də   Dünya dini liderlərinin Sammitinin  Bakı şəhərində keçirilməsi heç də təsadüfi deyil. Çünki  tarixən Azərbaycanda müxtəlif millətlərin  və dinlərin nümayəndələri  həmrəylik   şəraitində yaşayırlar. Dünya dini liderlərinin sammitində müzakirələr zamanı bir daha aydın oldu ki,  dövlətlər və xalqlar arasında münasibətlərin inkişafında  dini liderlər arasında həmrəylik  vacibdir və bu, dinlərarası dialoqun dərinləşməsi,  dünyada  sabitliyin  və əmin-amanlığın, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması üçün zəruridir. Dünyada  dini ekstremizmin və münaqişələrin  mövcud olduğu bir dövrdə Azərbaycanın  dinlərarası dialoqla bağlı irəli sürdüyü təşəbbüslər qlobal xarakter daşıyır.

2019-cu il noyabrın 13-14-də Dünya dini liderlərinin II Sammitinin    Bakı şəhərində  keçirilməsi bir daha göstərdi ki, Prezident İlham Əliyevin dinlərarası dialoqun genişlənməsi istiqamətində apardığı siyasət və onun uğurları dünya ölkələri üçün dəyərli nümunədir. Bu dialoqun möhkəmlənməsi sahəsində  Azərbaycanın atdığı addımlar ona  dünya birliyində böyük etimad qazandırır. Ölkəmizin davamlı inkişafının əsasında  sosial-iqtisadi, siyasi faktorlarla yanaşı, həm də dini dözümlülük və  multikultural dəyərlərə sadiqlik dayanır. 

II Sammitdə qəbul olunan Bakı Bəyannaməsində Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, dinlərarası  əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına böyük əhəmiyyət verdiyi xüsusi olaraq vurğulandı. Dinlərarası həmrəyliyin  təşviqi məqsədilə  bu cür tədbirlərin mütəmadi şəkildə keçirilməsinin vacibliyi bildirildi. Qarşılıqlı etimad və anlaşma mühitində dini müxtəlifliyin, dinlərarası əməkdaşlığın təşviqinin  sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə böyük töhfə olduğu  göstərildi.

Aydın oldu ki, beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu dini qurumları və liderləri  dinlərarası qarşılıqlı anlaşmanın, dialoqun genişlənməsi  üçün yüksək fəallıq göstərməlidir.  Dinlərin müqəddəs dəyərlərini təhrif etmək cəhdlərinin,  irqi, dini və etnik zorakılığa təhrik edən zərərli ideologiyaların,  dini  ekstremist  çağırışların   qarşısının alınması üçün qətiyyətli tədbirlər görülməlidir. 

Qeyd edək ki, dinlərarası dialoqun möhkəmlənməsində xüsusi yer tutan platformalardan biri də Bakı Beynəlxalq Humanitar forumlarıdır. Dünyanın tanınmış  dövlət xadimləri, Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və b.  iştirakı ilə  keçirilən bu tədbirlərdə qlobal problemlərə, o cümlədən dinlərarası dialoqa zidd olan meyllərə dair geniş fikir mübadilələri aparılır. Müzakirələrdə dinlərarası dialoqun inkişafında  Azərbaycanın yaxından iştirak etməklə  beynəlxalq aləmdə böyük nüfuz qazandığı  xüsusi qeyd edilir. 

Bakı Beynəlxalq Humanitar forumlarında aparılan  müzakirələr  bir daha sübut edir ki,  dünyada  dini-etnik xarakterli dağıdıcı əməllərin qarşısının  alınması üçün dinlərarası dialoqun genişlənməsi  ən təsirli vasitələrdən biridir. Azərbaycanda  dini müxtəlifliyin təmin olunması, məscid, kilsə və sinaqoqların  tikintisi və yaxud bərpa edilməsi dinlərarası dialoqun inkişafını nəzərdə tutan dövlət siyasətinin tərkib hissəsidir.

Prezident İlham Əliyev  Bakı Beynəlxalq Humanitar forumlarının  dünyada milli-dini  ayrı-seçkiliyin  qarşısının alınması üçün böyük əhəmiyyət daşıdığını bildirib: “Bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meyilə yol vermək olmaz, bu zərərlidir. Bu çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır”. Dünyanın nüfuzlu alimlərinin, din və mədəniyyət xadimlərinin  çıxışlarında, beynəlxalq təşkilatların rəhbərlərinin, xarici ölkələrin dövlət və hökumət başçılarının tədbir iştirakçılarına göndərdikləri təbrik məktublarında Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələr yüksək qiymətləndirilir. Qeyd edilir ki, dinlərarası dialoqun  dərinləşməsi sahəsində Azərbaycan dövlətinin apardığı siyasət  sabitliyin və əmin-amanlığın qorunması üçün  böyük stimuldur.  Dinlərarası dialoqun inkişafı sahəsində Azərbaycanın əldə etdiyi təcrübə dünyada  dini-etnik münaqişələrin, humanitar böhranların, irqçilik meyllərinin,  beynəlxalq hüququn pozulması hallarının qarşısının alınması  üçün dəyərli  nümunədir. 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı forumlarında müzakirə olunan məsələlər içərisində  dinlərarası dialoq mövzusu xüsusi yer tutur.  Dünyada dini-etnik qarşıdurmaların və ekstremizmin  qarşısının alınması üçün  dinlərarası dialoqun genişləndirilməsinin vacibliyi göstərilir.  Forumlarda xüsusi olaraq vurğulanır ki, Azərbaycan dövləti dinlərarası dialoqa  beynəlxalq əməkdaşlığı   möhkəmləndirən, milli və qlobal səviyyədə dini müxtəlifliyi təmin edən mühüm meyarlardan biri kimi yanaşır. Dinlərarası dialoqun dərinləşməsi sahəsində Prezident İlham Əliyevin apardığı siyasət müasir dövrün çağırışlarına cavab verir.

Tarixi təcrübələr sübut edir ki,  ümumbəşəri dəyərlərin inkişafının əsasında sivilizasiyalararası dialoq və onun tərkib hissələrindən biri olan dinlərarası qarşılıqlı təsir dayanır.  Təəssüf ki, bunun əksinə olaraq müasir dövrdə bəzi xarici siyasi-dini dairələr psevdodini ideyaları   və dözümsüzlüyü təbliğ etməklə  dinlərarası dialoqun inkişafına  problemlər yaratmağa cəhd göstərirlər. Ona görə də bu cür təhlükəli meyllərin qarşısının alınması üçün dini konfessiyalar arasındakı əməkdaşlıq  möhkəmləndirməli və dini şüurun  konstruktiv istiqamətdə inkişafı üçün yüksək fəallıq göstərməlidir.  Bununla bağlı olaraq,  beynəlxalq  tədbirlərin,  dini müxtəlifliyin möhkəmlənməsini nəzərdə tutan layihələrin həyata keçirilməsi vacibdir.

Dinlərarası dialoq  mütərəqqi xarakter daşıyan dini dəyərlərə hörmətlə yanaşılması, dinlər arasında qarşılıqlı informasiya mübadiləsinin  yaradılması deməkdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə dinlərarası dialoqa həsr olunmuş tədbirlərin təşkili beynəlxalq səviyyədə tolerantlığın möhkəmlənməsinə, dini münasibətlərin demokratik normalar əsasında inkişafına  böyük təkan verir ki, bu da xalqların dinc yanaşı yaşaması üçün vacib faktordur.

Dinlərarası dialoq öz mahiyyətinə görə bütün dinlərə yalnız hörmətlə yanaşmağı deyil, həm də   dini konfessiyalar arasında  sıx  əməkdaşlığı nəzərdə tutur. Dialoq vasitəsilə dinlərarası qarşılıqlı təsir mümkün olur,  onun sülhyaradıcı potensialından istifadə müasir dövrün qlobal problemlərinin həllində mühüm rol oynayır. Qloballaşma dövründə baş verən dəyişikliklər bəşəriyyətin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirmişdir. Dini müxtəlifliyin və özünəməxsusluğun  qorunub saxlanılması,  dinlərarası dialoq  vasitəsilə digər dinlərə tolerant münasibətin göstərilməsi  Azərbaycanın dini mühitini səciyyələndirən mühüm xüsusiyyətlərdən biridir.

Azərbaycan dövlətinin apardığı siyasətdə dinlərarası dialoqun yalnız milli çərçivədə deyil, həm də beynəlxalq səviyyədə genişləndirilməsi mühüm yer tutur. Bu siyasətə görə, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasını dinlərarası dialoqdan kənar təsəvvür etmək mümkün deyil.  Dinlərarası dialoq ümumbəşəri dəyərləri zənginləşdirir, cəmiyyətdə sabitləşdirici və həmrəylikyaradıcı rol oynayır.  Müasir dövrdə dinlərarası dialoq həm də beynəlxalq münasibətlərə təsir göstərən ciddi faktorlardan biri kimi çıxış edir.

Yuxarıda göstərilənlərin ümumiləşdirilməsi sübut edir  ki, dinlərarası dialoqun inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.  Xalqımızın qədim dövlətçilik təcrübəsindən və müasir dövrün  reallıqlarından çıxış edilərək ölkəmizdə   dinlərarası dialoqun məqsəd və prinsipləri müəyyən olunur.  Bu dialoqla bağlı Azərbaycanın təşəbbüsü və iştirakı ilə keçirilən tədbirlər dünyada dini-ekstremist dairələrin  dinlə manipulyasiya cəhdlərinin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.   Aydın olur ki, dini radikalizmin və fanatizmin yaratdığı zorakı hərəkətlərin qarşısının alınması dünya dövlətlərinin birgə səyləri vasitəsilə mümkündür.

 

Vüqar Səlimov

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı,

fəlsəfə üzrə fəlsəfə doktoru