"Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusu müzakirə olunub
Sentyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba və Şabran bölgələri üzrə qazılıqlarının birgə təşkilatçılığı ilə "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" adlı vebinar keçirilib.
MDTF-nin icracı direktoru Mehman İsmayılov, QMİ-nin bölgə qazıları, rayonlar üzrə səlahiyyətli nümayəndələri və din xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzunun əhəmiyyətindən danışıb. Şöbə müdiri bildirib ki, dini siyasiləşdirərək ondan alət kimi istifadə edən bəzi radikal qüvvələr öz məqsədləri naminə bir çox ölkələrdə daxili münaqişələr yaradırlar.
MDTF-nin icracı direktoru Mehman İsmayılov çıxışında deyib ki, biz bir xalq olaraq öz milli kimliyimizə, mənəvi, eləcə də dini dəyərlərimizə sahibik. Onun sözlərinə görə, Azərbaycanın tolerantlıq ənənələrinin, multikulturalizm modelinin və mənəvi dəyərlərimizin təbliği sahəsində ölkə rəhbərliyinin, o cümlədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Natiq deyib ki, Azərbaycan dövləti hər zaman mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dəstək göstərir.
Digər natiqlər də mövzu ilə bağlı ətraflı çıxış edərək, bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyindən danışıblar.
Tədbir çıxışlarla öz işini yekunlaşdırıb.



