06.09.2017
Dinimiz müsəlmanları birlik və həmrəyliyə çağırır
Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Goranboy rayonu Xanqərvənd kənd məscidi dini icmasının “İslam həmrəyliyinin Azərbaycanda sülhün qorunmasındakı əhəmiyyəti” layihəsi çərçivəsində “İslam həmrəyliyinin Azərbaycan nümunəsi ” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Xanqərvənd kənd məscidi dini icmasının sədri Rəsul Həşimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov Azərbaycan cəmiyyətində multikultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinsipinə çevrildiyini qeyd edib.
Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.
Dini icma sədri Rəsul Həşimov bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qurani-Kərimin bəzi ayələrini şərh edən icma sədri, dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını bildirib.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)

