24.06.2016
“Dini xurafat və dini radikalizm” mövzusunda tədbir keçirilib
İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Məhəmmədi kənd “Cümə” məscidi dini icması tərəfindən “Dinimizi düzgün tanıyaq və düzgün tanıdaq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.Tədbirdə çıxış edən Abşeron rayonu Məhəmmədi kənd “Cümə” məscidi dini icmasının sədri, axund Fərzəli Şərifov artıq layihə çərçivəsində 8-ci tədbiri təşkil etdiklərini diqqətə çatdırıb. Tədbirin dini xurafat mövzusuna həsr olunduğunu deyən F.Şərifov dini xurafatın dini radikalizmin geniş yayılması üçün münbit baza olduğunu deyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə “Dini xurafat və dini radikalizm” mövzusunda geniş məruzə ilə çıxış edib. Dini xurafatın qarşısının alınmasının maariflənmədən keçdiyini qeyd edən natiq “Qurani-Kərim”in vəhy olunan ilk kəlməsinin “Oxu” olmasının heç də təsadüfi olmadığına diqqət çəkib. Qeyd edilib ki, İslam dini elmə və biliyə böyük önəm verir, “Qurani-Kərim” də 105 dəfə elm kəlməsindən istifadə edilib, insanlara elm Çində də olsa onu öyrənmək tövsiyə olunub. Müasir ölkəmizin vətəndaşlarının da imanlı olmaqla yanaşı, həm də elmli olmasının zəruriliyi vurğulanıb və keçirilən tədbirlərin məhz buna xidmət etdiyini deyib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.png)

