Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.04.2017

“Dini vəhdət, qarşılıqlı hörmət milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda tədbir keçirilib

Aprelin 4-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Pirallahı rayonu 186 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Dini vəhdət, qarşılıqlı hörmət milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov, Amal Məlikov, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Elturan Həşimov, məktəbin direktoru Arif Xankişiyev, rayonda yerləşən digər ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan direktorun tərbiyə işləri üzrə təşkilatçısı Həcər Ramazanova mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov xalqımızın milli-mənəvi dəyərlərimizə verdiyi yüksək dəyərdən söz açıb. Natiq öz çıxışında Azərbaycanda yaşayan azsaylı xalqların daim qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib. Məktəbin direktoru Arif Xankişiyev orta məktəblərdə təşkil olunan bu cür maarifləndirici tədbirlərin gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini və bu kimi tədbirlərin davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.