Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.10.2017

“Dini və milli kimliyimizin vəhdəti” mövzusunda maarifləndirici tədbir keçirilib

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Saray qəsəbəsi “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Dini və milli kimliyimizin vəhdəti” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, İsmayıl Cəfərov, dini icma sədri Bəkir Cəfərov, məscidin axundu Etibar Ağayev, icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Bəkir Cəfərov layihə ilə bağlı məlumat verib, DQİDK-nın dəstəyi ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, mərhəmət, sevgi və əxlaq dini olan İslamda mötədillik yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlərboyu dinc və ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları dinimizə və dövlətimizə minnətdar olmalıdırlar.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov təmsil etdiyi qurumun dövlət-din münasibətlərinin tənzimlənməsində və dini maarifləndirmə sahəsindəki fəaliyyətindən danışıb. O.Axundov nəzərə çatdırıb ki, tarixin bütün dövrlərində Azərbaycan ərazisində müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələri rahat şəkildə yaşamış və heç zaman dini zəmində münaqişə baş verməmişdir. Məruzəçi qeyd edib ki, ölkəmizdə digər millətlərin milli, dini bayramlarının geniş qeyd olunması artıq ənənə halını alıb. O, diqqətə çatdırıb ki, müasir dövrümüzdə tolerantlığa və İslam həmrəyliyinə hər zamankından daha çox ehtiyac duyulur. Dünyanın müxtəlif ölkələrində baş verən siyasi-hərbi qarşıdurmalar fonunda bu dəyərlərin daha çox təbliğ və təşviq edilməsində hər birimiz yaxından iştirak etməliyik.
Məscidin axundu Etibar Ağayev də mövzu ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.