27.03.2017
Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin rolu müzakirə edilib
Martın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Həsən Rüstəmov dövlətimizin dinə və dindarlara qayğısından, dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından, dini radikal qrupların İslam dininə zidd əməllərindən söhbət açıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Hatəm Gülməmmədov ölkəmizdə dövlət-din münasibətlərindən, milli-mənəvi və islami dəyərlərin qorunması, təbliği sahəsində həyata keçirilən tədbirlərdən, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov dini radikalizmin səbəbləri və bu səbəblərlə mübarizə yolları barədə geniş məlumat verib, eyni zamanda, radikal və ənənəvi dini cərəyanlar arasındakı fərqli cəhətlərdən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.