“Dini radikalizmlə mübarizədə gənclərin rolu” adlı onlayn tədbir keçirilib
İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” adlı onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Abışov, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, rayon gəncləri və dindarlar iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, dünyada baş verən silahlı münaqişələrin bəzilərinin əsasında din amili durur. Əvvəlcə özlərini dindar kimi qələmə verib, insanları biri-birinə düşmən edən radikal qüvvələr sonradan həmin ölkələrdə müharibələr törətməklə, insan, silah, orqan alveri kimi qanunsuz əməllər həyata keçirirlər. Natiqlər bir mənalı olaraq bildiriblər ki, Azərbaycanda dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün dini konfessiyaların nümayəndələri birlikdə ölkəmizin çiçəklənməsi və daha da inkişaf etməsi naminə var gücləri ilə çalışırlar. Qarabağın düşməndən azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri döyüşüblər. Azərbaycandakı tolerant dini mühitin qorunub saxlanılmasında ölkə rəhbəriliyinin danılmaz əməyi vardır.