“Dini radikalizmlə mübarizədə dindarların rolu” mövzusunda tədbir keçirilib
Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçlığı ilə “Dini radikalizmlə mübarizədə dindarların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Atakişi Məhərrəmli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad şəhər “Heydər məscidi” dini icmasının sədri və imamı Məhəmməd Əliyev, imam müavini Yusif Bağırov, eləcə də dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında din xadimlərinin fəaliyyəti ilə bağlı ümumi prinsipləri qeyd edərək, bu fəaliyyətin daha mütəşəkkil formada davam etdirilməsinin vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Atakişi Məhərrəmli Sabirabad rayonu ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarla bağlı ümumi məlumat verərək, Sabirabad şəhərində və ümumilikdə rayon ərazisində dini radikalizmə qarşı mübarizədə görülən tədbirlərdən, yerli icra strukturları və hüquq-mühafizə orqanları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində əldə olunan müsbət nəticələrdən söhbət açıb.
Sabirabad şəhər “Heydər məscidi” dini icmasının sədri və imamı Məhəmməd Əliyev İslam dinində radikalizm və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu dinləyicilərin diqqətinə çatdırıb.
Daha sonra çıxış edən “Heydər məscidi” dini icmasının imam müavini Yusif Bağırov bildirib ki, İslam dini sülh, birlik və əxlaq dinidir və İslamı insanlara düzgün çatdırmaq hər bir müsəlmanın müqəddəs vəzifəsidir.
