Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.02.2016

Dini radikalizmlə mübarizə mövzusunda toplantı keçirilib

Fevralın 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində şəxsi heyət ilə görüş və məlumat mübadiləsi həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Elxan Həsənov görüşün əhəmiyyətini yüksək qiymətləndirərək ölkəmizdə multikultural dəyərlərin, tolerantlığın gündən-günə möhkəmləndiyini, bu sahədə maarifləndirmə, o cümlədən dövlət-din münasibətlərini tənzimləyən qanunların tələblərinin həyata keçirilməsi istiqamətində Daxili işlər nazirliyinin Bakı şəhər Baş Polis idarəsi tərəfindən keçirilən məqsədyönlü tədbirlər və bu tədbirlərin bundan sonra da xüsusi həssaslıq və peşəkarlıqla davam etdirilməsinin vacibliyini, eləcə də, tövsiyə və tapşırıqlarını iştirakçıların nəzərinə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək, Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri, bu meyillərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat verib. Görüşdə, həmçinin, radikalizmə meyilli şəxslərin fəaliyyət metodologiyası, istifadə etdikləri üsullar, vasitələr və onlara qarşı mübarizə taktikası barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, ölkəmizdə dini ekstremizmə qarşı keçirilən çoxşaxəli maarifləndirmə tədbirləri barədə iştirakçıları məlumatlandırıb, aidiyyati dövlət qurumları ilə qarşılıqlı, koordinasiyalı fəaliyyətin, məlumat mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.  
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı  Hikmət Eyvazov Azərbaycanda tarixən mövcud olmuş və bu gün də davam edən, dünyaya nümunə ola biləcək tolerantlıq mühitindən söz açaraq, bu amildən sui-istifadə etməyə cəhd göstərən bəzi qeyri-ənənəvi dini cərəyan mənsublarının zərərli fəaliyyətinə diqqəti cəlb edərək,  DİN-in DQİDK və digər qurumlarla birgə həyata keçirdiyi profilaktik tədbirlər barədə geniş məlumat verib.
Tədbirin sonunda görüş iştirakçılarının sualları cavablandırılıb.